Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda Türkiyə Xüsusi İqtisadi Zonası yaradıla bilər


Azərbaycan və Türkiyə arasında ikitərəfli və regional iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra ciddi layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunur.

Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

Onun sözlərinə görə, bu layihələr ölkələr arasında qarşılıqlı investisiya yatırımının və ticarətin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, digər ölkələrdə birgə fəaliyyət, eləcə də biznesin aktivləşməsi üçün yeni razılaşmaların imzalanmasını nəzərdə tutur.

Z. Çağlayanın deyib ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq ilə nümayəndə heyəti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında investisiya üçün maraqlı olan sahələr müzakirə ediləcək: «Təkbaşına iqtisadi gücə malik olmaq tamamilə güclü olmaq deyil, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir, ona görə də iqtisadi yol xəritəsi və investisiya sistemi yaradılmalıdır. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı birgə iş görülə biləcək bütün sahələr müzakirə ediləcək. Bura sənaye, turizm, eləcə də enerji sektorları aiddir”.

Nazirin sözlərinə görə, bundan başqa, Azərbaycan investisiyaların təbliğatı ilə bağlı Türkiyə təcrübəsini öyrənmək niyyətindədir:

«Hazırda bizim mütəxəssislər Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri ilə təcrübələrini bölüşürlər. Bu məsələ Azərbaycan nümayəndə heyətinin Türkiyə səfərində də diqqət mərkəzində olacaq. Türkiyə tərəfi Sumqayıtda sənaye şəhərciyinin yaradılmasında da təcrübəsini Azərbaycanla bölüşəcək. Bu məqsədlə mənim başçılığımla Türkiyə nümayəndə heyəti yaxın vaxtlarda yenidən Azərbaycana gələrək Sumqayıtda olacaq, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu əməkdaşlıq çərçivəsində Sumqayıtda Türkiyə Xüsusi İqtisadi Zonasının yaradılması da istisna olunmur. Türkiyənin iqtisadi inkişaf konsepsiyasında xarici ölkələrdə Xüsusi İqtisadi zonaların yaradılması da nəzərdə tutulur. Bununla bağlı əməkdaşlıq edəcəyik».







15/08/12    Çap et