Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: Mobil telefon alanların sayı azalıb


“Gartner” tədqiqat şirkəti 2012-ci ildə mobil telefon satışları üzrə proqnozuna yenidən baxıb. Buna səbəb dünya iqtisadiyyatındakı qeyri-stabillikdir.

Analitiklər bildiriblər ki, istehlakçılar mobil qurğularını yeniləməyə tələsmirlər. "Hazırda 2012-ci ilin nəticələri çox güman ki, ilin əvvəlində gözlənildiyindən aşağı olacaq" - ”Gartner”-in baş analitiki Anşul Qupta qeyd edib.

“Gartner” şirkətinin bir neçə ay əvvəl 2012-ci il üçün verdiyi proqnoza əsasən, satılmış mobil telefonların sayı 1,9 milyard təşkil edəcək. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə dünya bazarında 419 milyon mobil telefon satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz aşağıdır.

“Gartner” tədqiqat şirkəti Cənubi Koreyanın “Samsung” şirkətinin ən böyük mobil telefon satıcısı olduğunu təsdiqləyib. “Samsung” ötən rüb 90,4 milyon mobil telefon sataraq ötən ilin nəticəsini 29.5 faiz üstələyib.

Bu, “Galaxy” seriyasından olan smartfonların sayəsində mümkün olub. Onların satış həcmi 45,6 milyon ədəd təşkil edib. “Galaxy S III” 2012-ci ilin ikinci rübündə “Android” platformasında işləyən ən populyar smartfon olub.

Qupta bildirib ki, əgər bu aparatlarla bağlı istehsal problemləri olmasaydı, onların satış həcmi daha çox ola bilərdi. “Samsung IT & Mobile Communication” bölməsinin direktoru C. K. Şin 2012-ci ilin iyulunda qürurla bildirmişdi ki, 10 milyon ədəd “Galaxy S III” aparatı satmaq üçün “Samsung Electronics” şirkətinə 2 aydan da az vaxt kifayət etdi.
“Android” əməliyyat sistemi (ƏS) “Galaxy” smartfonları sayəsində ən populyar mobil platforma olaraq qalır. 2012-ci ilin aprel-iyun aylarının nəticəsinə görə, bu platformanın bazar payı 64,1 faiz təşkil edib.

Bu göstərici ötən illə müqayisədə 20,7 faiz çoxdur. “iOS” platformasının bazar payı 18,8 faizə bərabər olub. “Apple” şirkəti 28,9 milyon ədəd “iPhone” smartfonu satıb və nəticədə Amerika şirkəti ən böyük "mobil telefon" satıcıları arasında üçüncü yerdə qərarlaşıb. “Nokia” şirkəti 84.3 milyon göstərici ilə ikinci yerdə qərarlaşıb. Finlandiya şirkətinin bazar payı 19,9 faiz təşkil edib. Liderlər beşliyində, həmçinin “ZTE” (4,3 faiz) və “LG” (3,4 faiz) şirkətləri yer alıb.

EMİL




15/08/12    Çap et