Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gömrük nəzarətindən gizlədilmiş 10 ədəd “İphone 4S” markalı mobil telefon aşkarlanıb
Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Həsən Hüseynovun idarə etdiyi "Opel Vektra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı orada gömrük nəzarətindən gizlədilmiş 10 ədəd "İphone 4S" markalı mobil telefon aşkar olunub.
Bundan başqa, nəqliyyat vasitəsində 360 qutu (36 blok) "Marlboro Mikro", 280 qutu (28 blok) "Senator", 40 qutu (4 blok) "Parlament Aqua Blue", 20 qutu (2 blok) "Marlboro" markalı siqaretlər üzə çıxarılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, mobil telefon, aksessuarlar və siqaretlər "Sınıq Körpü" gömrük postunda da aşkarlanıb.
Belə ki, sözügedən postda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rəşad Qaravəliyevin etibarnamə ilə idarə etdiyi "Mercedes Benz 250" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 217 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksessuarlar - 209 ədəd akkumulyator, 239 ədəd qidalandırma cihazı və 236 ədəd qulaqcıq gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib.
Eyni zamanda, nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilmiş şəkildə 20 blok "Marlboro" siqareti aşkar olunub. Hazırda bütün faktlarla bağlı təhqiqat aparılır.
HƏQİQƏT
16/08/12 Çap et