Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiqinə dair müqavilə imzalanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) və Rumıniyanın "CertSIGN S.A." şirkəti arasında "İSO/İEC 27001:2005 (AZS-494-2010) standartının tələblərinə uyğun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (İTİS) MHM-də tətbiqinə və istismarına dair konsaltinq xidmətləri" üzrə müqavilə imzalanıb.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə MHM-in Sertifikat Xidmətləri şöbəsinin müdiri Arif Maliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən müqavilənin əsas məqsədləri MHM-in cari informasiya təhlükəsizliyinin "İSO / İEC 27001:2005 (AZS-494-2010)" standartına uyğunlugunu sınaqdan keçirməkdən, informasiya təhlükəsizliyi risklərinin və boşluqlarının analizini edərək mərkəzin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemini quraşdırmaq üçün məsləhətlər verməkdən və təlim apararaq mərkəzin işçi heyətini sertifikatlaşdırma auditinə hazırlamaqdan ibarətdir.
"CertSIGN" şirkəti təhlükəsizlik, rabitə və informasiya ilə bağlı kompleks inteqrasiya həllərini, texnologiya və mülki mühəndislik layihələrini, demək olar ki, bütün dünyada müştərilərə təklif edir. "CertSIGN" təhlükəsizliyin idarə edilməsi nöqteyi-nəzərindən və "WebTrust" qaydaları üzrə "Ernst & Young" təhlükəsizlik auditini keçərək beynəlxalq "ISO 270001" standartına uyğun akkreditə olmuş təşkilat kimi tanınır. Müqavilə üzrə görüləcək işlərin icra olunma müddətinin 6 aydan az olmaması nəzərdə tutulur və bu müddətə İTİS-in iki ay sınaq işləməsi də daxildir.
A.Mailov bildirib ki, "CertSİGN" şirkətinin əməkdaşları ilə layihə çərçivəsində İTİS ilə əlaqədar müzakirələr aparılıb. Hər iki tərəf ilk səfərin məqsədinin İTİS-in həcmini, məqsədlərini və ilkin layihə planının hazırlanmasını razılaşdırıb: «Mütəxəssislərimizə İTİS-in əsasları haqqında təlim keçirilib.
Digər mühüm məsələlərdən vacib olan İTİS forumunun təşkilinin müzakirəsi aparılıb. Bu forum, İTİS-in fəaliyyəti ilə əlaqəli olan bütün şöbələrin rəhbərlərindən (və ya iş prosesi haqqında tam məlumatlı şəxslərdən) təşkil edilir.
Forum ildə 1-2 dəfə MHM-də toplantı keçirməli və sistemində hər hansı dəyişiklik olanda bunu İTİS sənədlərində qeyd etməlidir. Forumun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, İTİS sistemi daim nəzarət altında olsun.
SEYMUR
17/08/12 Çap et