Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter alarkən nələrə diqqət yetirməliyik?


Azərbaycanın məşhur "Şərikli çörək" filmini xatırlamayan yoxdur. Yəqin ki, filmdə "Quba meydanı"ndan olan bazar səhnəsi də çoxlarının yaxşı xatirindədir. "O boyda Çörçill"in geyindiyi kostyumu bəh-bəhlə müştəriyə sırıyan alverçi-işbazın bacarığı sayəsində alıcını bazardan evə qayıtmağa macal tapmamış ölçüyəgəlməz məyusluq gözləyir.

Əslində, dövr, zaman fərqli olsa da, işbaz-alıcı probleminə hər an rast gəlmək mümkündür. Xüsusən də tələb təklifi üstələyərsə, işbazların fəallığı daha da yüksəlir. Tələbin artdığı yerdə isə heç kim işbazların kələyinə tuş gəlməyəcəyindən sığortalanmayıb. Zaman irəlilədikcə, iqtisadi və digər sahələrdə dəyişən maraqlar insanların çox şeylərə münasibətini dəyişməklə, fərqli tələblər də yaradır.

Son illər isə tələblərin daha sürətlə dəyişdiyi məkan məhz informasiya texnologiyalarıdır. Bu sahədə istehsal olunan məhsullar daim yenilənməklə, hələ çox yaxın keçmiş üçün təzə sayılan modelləri üstələyə bilir. Müasir dövrdə kompyuter də həyatımızın ayrılmaz elementinə, atributuna çevrilib. Kompyuterin köməyi ilə bu gün ən ağlagəlməz yeniliklərə imza atmaq mümkündür.

Bu gün kitabla yanaşı, televizor, telefonun göstərdiyi xidmətləri də cəmləşdirərək, bir çox funksiyaları özündə birləşdirən kompyuter arxasında keçən həyat artıq müasir insanlar üçün adi tərzə çevrilməkdədir. Bir sözlə, kompyuter yaratdığı saysız imkanlara görə günümüzün əsas varlığına çevrilib ki, bu da onun satış bazarında riskləri qaçılmaz edir.

Bu gün ölkənin daxili bazarında rast gəlinə biləcək neqativ halları İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) də təsdiqləyir: "ASİHMDX-yə bu ilin yanvar-iyul ayları ərzində daxil olmuş şikayətlər arasında məişət avadanlıqları, o cümlədən kompyuterlərlə bağlı şikayətlər də var. Bu şikayətlər Dövlət Xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılıb və müvafiq tədbirlər görülüb".

Kompyuterin müsbət cəhəti - çox yaddaş, yüksək iş həcmli prosessor Bəs kompyuter alanda nələrə diqqət etmək lazımdır? Kompyuter alan zaman özümüzü rast gəlinə bilən xoşagəlməz hallardan necə qoruyaq?

"Rabitə dünyası"nın mövzu ilə bağlı suallarını ASİHMDX belə cavablandırıb:

"Məlum olduğu kimi, kompyuterlər çoxsaylı hissələrə və funksiyalara malikdir və fərqli qiymətlərə satılır. Bütün bunlar isə onun alınması zamanı istehlakçını çətinliklərlə üz-üzə qoyur. Ona görə də kompyuter almazdan əvvəl ondan nə üçün istifadə edəcəyinizi özünüz üçün aydınlaşdırın. "İnternetdən istifadə, yoxsa hansısa mühüm əməliyyatları həyata keçirmək üçün sizə kompyuter lazımdır" sualına cavab verdikdən sonra məsələnin əsas hissəsini həll olunmuş hesab etmək və axtarışa çıxmaq olar".

Bu məsələdə qərara gəldikdən sonra kompyuter seçmək olar. Kompyuteri isə həm hazır, həm də tələb və zövqə uyğunlaşdırmaqla almaq mümkündür:

"Əgər kompyuter sistemlərinin xüsusiyyətlərini istənilən səviyyədə bilmirsinizsə, onları quraşdırmaqda çətinlik çəkəcəksinizsə, bu halda hazır kompyuter almaq daha məqsədəuyğundur. Nəzərə alın ki, kompyuterin yaddaşının çox, prosessorunun yüksək iş həcminə malik olması müsbət cəhətlərindəndir. Yox, əgər bu tip texnologiyalar haqqında kifayət qədər məlumatlısınızsa, onda müxtəlif hissələri sifariş verməklə sizə lazım olan kompyuteri komplektləşdirə bilərsiz".

Kompyuter alışında xüsusi terminləri bilməmək də problem yaradır Kompyuter mürəkkəb texnoloji məhsul olduğuna görə onu alarkən qarşıya çıxan çətinliklərdən biri xüsusi terminlərin nə anlama gəldiyini bilməməkdir. Bu səbəbdən malı seçərkən satıcıdan həm kompyuter, həm də onun komplektləşdirici hissələri haqqında müfəssəl məlumat almaq vacibdir.

Müqayisə aparmaq üçün müxtəlif mağazalardan eyni qəbildən olan kompyuter haqda da informasiya əldə etmək olar. Məhsulla bərabər istehlakçıya üzərində malın və satıcının adı, satış tarixi, qiyməti, eyni zamanda satışı həyata keçirən şəxsin imzası əks olunan sənəd verilməlidir. İstehlakçıya, həmçinin, mağaza tərəfindən malın sənədləri (satışın tarixi və yeri göstərilən texniki pasport, zəmanət talonu və ya onu əvəz edən digər sənəd, istismar təlimatları və digər sənədlər) təqdim edilir. Kompyuterin keyfiyyətinə əmin olmaq üçün bilməlisiniz ki...

ASİHMDX-dən qeyd edilib ki, kompyuter alarkən keyfiyyətinə əmin olmaq üçün ilk növbədə onun sənədlərinə diqqət yetirilməlidir. Belə ki, satışa qoyulan kompyuterlərin müvafiq sənədləri, o cümlədən texniki pasportu və zəmanət talonu olmalıdır: "Onu da qeyd edək ki, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol vermiş fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilirlər".

Kompyuter aldıqdan sonra dərhal evə tələsməyin! Dövlət Xidmətinin mütəxəssisləri kompyuter alarkən onun qablaşdırılmasına fikir verilməsini də vacib sayır: "Mağazada kompyuter və onun hissələrinin qutusunun sizin yanınızda açılmasına çalışın və bunu tələb edin. Bilin ki, istehsalçı tərəfindən qablaşdırılan və möhürlənən qutularda olan mallar daha etibarlıdır. İstehlakçı olaraq hər kəs bilməlidir ki, satış üçün təqdim olunan kompyuterlərin nümunələri üzərində onların adı, qiyməti ilə yanaşı, markası, modeli, əsas texniki xüsusiyyətləri göstərilməlidir".

Satıcı istehlakçının istəyinə uyğun olaraq onun iştirakı ilə malın keyfiyyətini, komplektliyini, ona aid sənədlərin yoxlanmasına şərait yaratmalıdır: "Kompyuter alındıqdan sonra isə dərhal evə tələsməyin. Onun hissələri, hətta səsgücləndirici, çap maşını, modeminə kimi mağazada işə salıb yoxlayın. Gedib evdə qüsuru müəyyən etməkdənsə, yerində həll etmək məqsədəuyğundur.

Müvafiq proqramların, drayverlərin kompyuterə yüklənib-yüklənmədiyini yoxlayın. Drayverlərin istehlakçı tərəfindən quraşdırılması o qədər də asan deyil, təcrübə tələb edir". Kompyuter alarkən seçimdə əsas rol oynayan vacib amillərdən biri də mala verilən zəmanət müddətidir. Hər bir istehlakçı bilməlidir ki, kompyuter zəmanət müddəti ilə satılmalıdır və bu müddət onun zəmanət talonunda göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın zəmanət talonunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur.

İstehlakçılara 2 və 3 il zəmanət verilən malları almaq tövsiyə edilir Qurumdan bildirilib ki, bu gün istehlak bazarında satılan kompyuterlərə müxtəlif satıcı və istehsalçılar tərəfindən fərqli zəmanət müddətləri tətbiq olunur. Bu, adətən 6 aydan 12 aya qədər müəyyənləşdirilir. Yalnız monitor və printerlərə verilən zəmanət nisbətən uzunmüddətli olur: "Lakin 2 və 3 il zəmanət verilən mallar da var. İstehlakçılara məhz belə mallara üstünlük verməyi tövsiyə edirik.

Digər analoji mallardan bir qədər baha qiymətə satılsa da, zəmanət müddətinin çox olması həmin malların keyfiyyətinə əminliyi artırır, istehlakçıların mal alındıqdan sonrakı dövrdə rahatlığını təmin edir". İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir. İstehlakçılar çox vaxt fikir vermirlər ki...

Dövlət Xidmətində hesab edirlər ki, bir sıra hallarda alınmış kompyuterdə qüsur aşkar olunduğu halda istehlakçı qeyd edilən hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Belə ki, bəzi hallarda əsasən servis mərkəzləri zəmanət şərtlərindən istifadə edərək kompyuteri təmir etmək və ya dəyişdirilməsindən imtina edir. Buna görə də müddətdən əlavə zəmanətin şərtlərinə də diqqət yetirmək lazımdır. Adətən bir çox satıcılar satışdan sonrakı dövrdə özlərini sığortalamaq və məsuliyyətini azaltmaq üçün zəmanət şərtlərinə bir sıra məhdudlaşdırıcı müddəaları daxil edirlər.

Bu, əsasən komplektləşdirici hissələrə zəmanət verilməməsi və ya çox qısa zəmanət müddəti müəyyənləşdirilməsi ilə bağlı olur. İstehlakçılar çox vaxt mal alarkən belə xüsusiyyətlərə fikir vermirlər. Ancaq malın özünə iki il zəmanət müddəti göstərib onun xeyli komplektləşdirici hissələrinin 1 ay və ya daha qısa, yaxud bir qədər artıq zəmanət müddətinin müəyyən edilməsi əsas malın da zəmanətini praktiki olaraq bu müddətlərə qədər endirir: "Ona görə də zəmanət talonunu alarkən onun üzərində bütün zəruri qeydlərin edilmiş olmasına diqqət yetirin. Belə ki, zəmanət talonu istehsalçı firmanın səlahiyyətli servis mərkəzi tərəfindən müvafiq qaydada doldurulmadığı təqdirdə istehlakçıya zəmanətli xidmət göstərməkdən imtina edilə bilər". İstehlakçı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə... İstehlakçı zəmanət müddəti ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir: "İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, satıcı tərəfindən dərhal təmin olunmalıdır. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış malların dəyişdirilməsi ilə bağlı öhdəliklər satıcı tərəfindən yerinə yetirilməlidir".

Həqiqət İSABALAYEVA
 ihaqiqat@mail.ru





18/08/12    Çap et