Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” və “iPad” istifadəçiləri fotolarını “Skype” vasitəsilə paylaşa biləcəklər
“Skype” internet-telefoniya xidməti “iPhone” və “iPad” qurğuları üçün mobil tətbiqini yeniləyib. Artıq həmin qurğuların sahibləri fotolarını dost və doğmalarına göndərə biləcəklər. Bu barədə “Skype”-ın korporativ bloqunda məlumat verilib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Skype”-ın “iOS” platforması üçün 4.1 versiyasında istifadəyə verilmiş “Photo Sharing” ("Fotolarla paylaşmaq") funksiyası “iPad” və ya “iPhone” qurğuları vasitəsilə çəkilmiş fotoları birbaşa “Skype” ilə dostlara göndərməyə imkan yaradır.
Xidmət göndərilən fotonun ölçüsü ilə bağlı limit qoymayıb. Bundan əlavə, “Skype” şirkəti mobil tətbiqinin yeni versiyasına “Apple”-ın mobil qurğularında xidmətin işinin sabitliyinin artırılması üçün nəzərdə tutulmuş dəyişiklik və məxfilik sazlamalarına düzəlişlər edib.
“Skype” şirkətinin əsası 2003-cü ildə qoyulub. “Skype” xidmətində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 500 milyonu ötür, xidmətin aylıq auditoriyası isə 170 milyon istifadəçiyə çatır. 2011-ci ilin martında xidmətdən eyni zamanda 30 milyon insan istifadə edib.
EMİL
22/08/12 Çap et