Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hövsan-Zığ sahəsində 3D seysmik işləri başa çatdırılıb


 ARDNŞ Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İdarəsi və Rusiya Federasiyasının "İnteqra-Geofizika" şirkəti tərəfindən "Absheron Operating Company LTD" Əməliyyat Şirkətinin sifarişi əsasında "Hövsan-Zığ" və ona bitişik "quru-dəniz" keçid zonasında 70 kvadrat kilometr sahədə üçölçülü - 3D seysmik kəşfiyyat işləri yerinə yetirilib.

 "ICTnews" elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, bundan əvvəl həmin sahədə çöl işləri aparılmış və cari ilin yanvarında başa çatdırılıb. Çöl işləri zamanı əldə edilmiş materiallar hazırda "İnteqra-Geofizika" şirkəti tərəfindən emal və interpretasiya olunur.

3D seysmik kəşfiyyat işləri isə "Hövsan" və "Zığ" yataqlarının üçölçülü modelinin qurulması, geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eyni zamanda məhsuldar qatdan altda yatan çöküntülərin neft-qazlılığının proqnozlaşdırılması məqsədi daşıyıb.

Müasir texnika və texnologiyaların tətbiqi sahədə 6-8 kilometr dərinliyə qədər kəsilişi öyrənməyə imkan verib. Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

CAHANGİR




24/08/12    Çap et