Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şabranda kəndlərlə rayon arasında videogörüntülü əlaqə yaradılacaq
"Aztelekom" İB Şabran telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə tərtib edilmiş tədbirlər planının icrasını davam etdirir. Şabran TKQ-nın rəisi Cavid Əkbərov bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir il ərzində rayonda 215 ədəd telefon çəkilişi aparılıb.
Telekommunikasiya qovşağı üzrə bu ayın əvvəlinə EATS-lərin montaj tutumu 4567 olub ki, bunun da 4185 nömrəsi istifadəyə verilib. Tədbirlər planına uyğun olaraq mərkəzi S-12 256 nömrə genişləndirmə işləri aparılaraq ATS-in montaj tutumu 2560 nömrəyə çatdırılıb.
Ötən ilin avqustunda S-12 mərkəzi ATS-də quraşdırılan DSLAM avadanlığı vasitəsi ilə 120 abunəçi internet xidmətindən birbaşa qoşularaq istifadə etdiyi halda, bu rəqəm ötən dövrdən bu ayadək 311 abunəçiyə çatdırılıb. Onlardan 168 abunəçi - "aztelekom.net" və 143 abunəçi - "DATA +" özəl provayder istifadəçisidir.
DSLAM avadanlığı vasitəsi ilə internet xidmətindən birbaşa qoşularaq istifadə edən abunəçilərin və telefon çəkilişlərinin artırılması nəticəsində qovşaq üzrə göstərilən rabitə xidməti haqqı (abunə haqqı üzrə) 10.6 min manat artıb. Belə ki , bu göstərici ötən ilin müvafiq dövrü üzrə 83.0 min manat, cari ildə 93.6 min manat təşkil edib.
Həyata keçirilən layihələrin tərkib hissəsi olaraq Sincanboyat kəndində yeni 64 nömrəlik DS-200 EATS, Çölquşçu kənd yaşayış məntəqəsində peyk avadanlığı vasitəsi ilə fəaliyyət göstərən mini-ATS rekonstruksiya olunaraq NEK avadanlığı vasitəsi ilə yeni 48 nömrəlik DS-200 EATS quraşdırılıb istifadəyə verilmişdir. Şabran TKQ tərəfindən vətəndaşlara daha keyfiyyətli rabitə xidməti göstərilməsi məqsədi ilə mütəmadi şəhər və kənd daxili rabitə xətlərində təmir işləri aparılır.
Hal-hazırda Şabran-Pirəbədil-Zeyvə istiqamətində yeni avtomobil yolunun salınması ilə əlaqədar yolkənarı rabitə xətlərinin və dirəklərinin sökülərək yenidən bərpası sahəsində işlər davam etdirilir.
Abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şikayət və təkliflərə operativ baxılması məqsədi ilə bütün xidmətlərin "Vahid Pəncərə" üzərindən təşkilinin həyata keçirilməsi üçün " Sistem " tətbiq edilib.
Qovşağın xidməti ərazisində kənd yaşayış məntəqələrinin genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün bütün kənd EATS-lərinin mövcud birləşdirici xətlərinin rekonstruksiya olunaraq yeraltı 30.6 km məsafədə fiber-optik kabellə əvəz edilməsi təmin edilib.
Şabran rayon İcra Hakimiyyəti orqanlarının rəhbərliyi ilə kənd İnzibati Ərazi Vahidlikləri arasında yaxın gələcəkdə videogörüntülü əlaqələrin yaradılması sahəsində işlər davam etdirilir.
RƏVAN
27/08/12 Çap et