Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn aydan etibarən AZAL-ın təyyarələrində mobil telefondan istifadə etmək mümkün olacaq


Bu ilin sonunadək  «Azərbaycan Hava Yolları»nın (AZAL) bütün təyyarələrində uçuş zamanı «NarMobile»-ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu, AZAL, «Azerfon» şirkəti («NarMobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müştərək müqaviləyə əsasən həyata keçiriləcək.

Sözügedən məsələ ilə bağlı açıqlama verən «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib ki, cari ilin sentyabr ayından etibarən rabitə xidmətləri AZAL-ın bir təyyarəsində tətbiq olunacaq, ilin sonunadək isə aviaşirkətin bütün təyyarələrini əhatə edəcək. Lakin bu xidmətlərdən təyyarənin qalxma və enmə prosesi zamanı istifadə etmək olmayacaq.

İstifadə olunacaq xidmətlərə isə danışıq, internet, SMS və digər məsələlər daxildir. Azərbaycanın digər mobil rabitə operatorları da bu xidmətlərdən yararlana biləcəklər. Lakin əvvəlcə onlar «Azerfon»la müvafiq rouminq sazişi imzalamalıdırlar.

Məlumat üçün bildirək ki, AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atmış olacaq.

Sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq. Azərbaycanın süni peykinin orbitə buraxılmasından sonra isə bu şirkətlər sözügedən xidmətdən yararlanmaq üçün Azərbaycanın infrastrukturundan istifadə edə, yeni xidmətdən hətta 35 500 metr hündürlükdə yararlana biləcəklər.

SEYMUR





27/08/12    Çap et