Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5-ci siniflər üçün Azərbaycan dilində yeni “ALPLogo” proqram məhsulu yaradılıb


Azər­bay­can­da ilk dəfə olaraq 5-ci siniflər üçün “Bakı” nəşriyyatı tərəfindən “ALPlogo” proqramlaşdırma mühiti yaradılıb və “İnformatika” dərslik komplektinə əlavə edilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Bakı” nəşriyyatından məlumat verilib.

Nəşriyyatdan bildirilib ki, Logo dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürün və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir: “Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Logo dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir.

“ALPLogo” dilinin təqdim olunan versiyası 5-ci sinif səviyyəsi üçündür və proqramın növbəti versiyalarında daha geniş imkanlar nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompyuterinizə endirib, C diskinə köçürmək lazımdır, yəni quraşdırmağa ehtiyac yoxdur.

“ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proq­ramda Bağa üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir”. Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun Yardım bölməsindən Komandalar sistemi bəndini seçmək lazımdır. Proqramı isə “Proqram təminatı” bölməsindən yükləmək olar.

Qeyd edək ki, “Bakı” nəşriyyatı tədris vəsaitlərinin nəşri üzrə Azərbaycanda qabaqcıl nəşriyyatlardan biri sayılır. Nəşriyyatın məhsulları əsasən, orta məktəb dərslikləri, iş dəftərləri, metodik vəsaitlər, elektron dərs vəsaitləri, elektron təhsil resursları və portallarıdır. Nəşriyyatdan bildirilib ki, bu vəsaitlərin müasir texnologiyalar (həmçinin, informasiya texnologiyaları) əsasında hazırlanması təlim nəticələrinin yüksəlməsinə yardım edir.

HƏQİQƏT





28/08/12    Çap et