Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lexmark” şırnaqlı printerlərin istehsalını dayandıracaq


Amerikanın “Lexmark” şirkəti xərclərini azaltmaq məqsədi ilə yenidənqurma prosesi həyata keçirəcək.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Lexmark” şirkəti yenidənqurma prosesi çərçivəsində şırnaqlı printerlərin hazırlanması və istehsalını dayandıracaq.

“Lexmark” şirkəti mövcud müştərilərə dəstək göstərəcəyinə və onları lazımi materiallarla təmin edəcəyinə söz verib.

Şirkət, həmçinin 1700 iş yerini ixtisar edəcək və 2015-ci ilədək  Filippində yerləşən zavodunu bağlayacaq. 2011-ci ilin sonuna olan məlumata əsasən, “Lexmark” şirkətində 13300 insan çalışıb.
“Lexmark” şirkəti bu tədbirlər sayəsində 2013-cü ildə 85 milyon dollara və 2015-ci ildə 95 milyon dollara qənaət etməyi nəzərdə tutub.

“Lexmark” şirkəti “IBM” printer istehsalı  bölməsi əsasında 1991-ci ildə yaradılıb. Şirkət şırnaqlı printerlərdən savayı, matris və lazer printerləri və çoxfunksiyalı qurğular da istehsal edir.
 
EMİL





29/08/12    Çap et