Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell”in baş sponsorluğu ilə Milli Kitab Mükafatına yenidən start verildi


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti növbəti dəfə müasir Azərbaycan ədəbiyyatı səhnəsinin ən nüfuzlu layihəsi hesab edilən Milli Kitab Mükafatının (MKM) baş sponsoru olub. 

2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilən və qısa müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğuran Milli Kitab Mükafatı növbəti seçimlərinə başlayır.

Layihənin baş sponsoru “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer “Bakcell”in  Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına dəstək göstərdiyini və bu sahədə ən vacib təşəbbüslərdən biri olan Milli Kitab Mükafatını yüksək qiymətləndirdiklərini bildirdi: “Bakcell” Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqətlə yanaşır. Bizim indiyə qədər həyata keçirdiyimiz bir çox böyük mədəni layihələr buna sübutdur. “Bakcell” artıq 2-ci dəfədir ki, MKM-in rəsmi tərəfdaşı olmaqdan və müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfə verməkdən məmnunluq duyur”.

Tədbirdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli bildirib ki, növbəti illərdə milli ədəbiyyatımızın  müasir inciləri hesab edilən ədəbi əsərlər yarada biləcək müəlliflər kəşf ediləcək:  “Keçən il baş tutan  MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”.

Qeyd edək ki, mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.

Mükafatın qalibləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafat alacaq, eləcə də, şeir və uşaq ədəbiyyatı üzrə nominasiyalar təsis olunacaq.

“MKM-2012” daha bir yeniliklə seçiləcək. Belə ki, bu il qalib əsərlər ənənəvi kitab formatından əlavə həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək. 





29/08/12    Çap et