Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Neftqaztikinti” yeni texnologiyanın tətbiqinə başlayıb


ARDNŞ-də yeni texnika və texnologiyaların tətbiqi daim diqqət mərkəzindədir. Şirkətin “Neftqaztikinti” tresti də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, trestin 2 saylı Tikinti Quraşdırma İdarəsi hazırda “Azneft” İB-nin sifarişi əsasında “Daşgil-Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttinin tikintisi” obyektində yarımavtomat və avtomat qaynaq texnologiyasının tətbiqini həyata keçirir. Yarımavtomat qaynaq metodundan (STT modulu) kök tikişində, avtomat qaynaq metodundan isə isti tikiş, doldurma və qapaq tikişlərində istifadə edilir.

STT modulu üzrə aparılan qaynağın üstünlüklərindən biri də istifadə olunan qaynaq materialının sərfiyyatının azaldılması, qaynaq zamanı kök tikişinin ərimə əmsalının yüksəldilməsi, buna müvafiq olaraq kök tikişinin qalınlığının 3-4 mm olmasıdır.

Kök tikişində yarımavtomat qaynağın tətbiqi təkcə həmin qaynaq postunda deyil, konveyerin işinin və müvafiq olaraq ümumi qaynaq-quraşdırma işlərinin sürətinin artmasına rəvac verir. Avtomat qaynağının əsas üstünlükləri isə qaynaq materialına qənaətin böyük olması, qaynaqçının (operatorun) fiziki yüklənməsinin azaldılmasıdır.

Qeyd edək ki, boru kəmərlərinin əl-qövs qaynağı ilə tikintisində bir qaynaq konveyerində 4-5 qaynaq postundan (hər postda 2 nəfər qaynaqçı olmaq şərtilə) istifadə edildiyi halda, yarımavtomat və avtomat qaynağı zamanı hər konveyerdə 2 qaynaq postundan istifadə olunur.
Bu da öz növbəsində izafi xərclərin qarşısını alır.

Ölkənin magistral boru kəmərlərinin tikintisində yarımavtomat və avtomat qaynaq texnologiyasından ilk dəfə “Neftqaztikinti” Trestinin Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi tərəfindən “Daşgil-Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttinin tikintisi” obyektində tətbiq edilmişdir. Bu metodun gələcəkdə digər obyektlərin tikintisində də geniş miqyasda tətbiqi nəzərdə tutulur.

CAHANGİR





29/08/12    Çap et