Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda güzəştli şərtlərlə satılan kompyuterlərin sayı 18 750 ədədə çatıb


"Hər ailə üçün kompyuter" şüarı altında həyata keçirilən “Xalq kompyuteri” layihəsi çərçivəsində 18750 ədəd kompyuter güzəştli şərtlərlə əldə olunub.

“ICTnews” elektron xəbər xidməti bu barədə layihənin rəsmi internet səhifəsinə istinadən məlumat verir.
 “Xalq kompyuteri” layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dövlət qulluqçularına, həmçinin səhiyyə sahəsinin işçilərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompyuter sahibi olmaq imkanı verməkdən ibarətdir. Hazırda layihə Bakı şəhərində və regionlarda geniş vüsət alıb.

“Xalq kompyuteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihədə həmçinin “Azercell” və “Azerfon” mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu “Azərpoçt” MMC tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində kompyuterlər sənədlərlə və internetdə effektiv və təhlükəsiz işin aparılması üçün nəzərdə tutulan geniş çeşiddə lisenziyalı proqram təminatı ilə təchiz edilir.  Belə ki, ötən il layihəyə anti-virus proqram təminatının müəllifi - “Doktor Veb” şirkəti də qoşulub.
 
CAHANGİR





29/08/12    Çap et