Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyənin İKT sektorunun nümayəndəsi ölkəmizdə səfərdədir
Türkiyənin “ASKON” təşkilatına daxil olan yüngül və qida sənayesi, İKT, inşaat, mebel və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin nümayəndəsi ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə şirkətləri ilə görüş keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüşdə AZPROMO tərəfindən türkiyəli qonaqlara Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb.
Qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır. Görüş zamanı AZPROMO tərəfindən Türkiyə şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da dəstək göstəriləcəyi vurğulanıb.
Azərbaycana səfər çərçivəsində Türkiyə şirkətləri bir sıra görüşlər keçirib, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
HƏQİQƏT
30/08/12 Çap et