Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Audiovizual məhsul istehsalçılarına dəstək kimi qalib seçilən kino layihələrinin çəkilişinə ikinci yarımillikdə başlanacaq
2012-ci ilin birinci yarısında ayrı-ayrı televiziya kanallarının, dövlət studiyalarının təqdim etdikləri 130 film dövlət reyestrində qeydə alınıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib. MTN-dən bildirilib ki, hazırda “Azərbaycanfilm” kinostudiyasında “Ən adi soyad” (“Heydər Əliyev”) bədii filminin rejissor ssenarisinin yazılışı başa çatıb, çəkilişlərin hazırlıq mərhələsinə başlanıb. Bundan başqa, “Dolu” bədii filminin montaj-səsləndirmə işləri tamamlanmaq üzrədir.
“Qorxma, mən səninləyəm-2” bədii filminin çəkilişləri davam edir. “Dərvişin ölümü” bədii filmi çəkiliş mərhələsinə, “Axınla üzü aşağı” bədii filmi isə rejissor yazılışı dövrünə buraxılıb. “Sıfır saatının qatarı-2” sənədli filmi də istehsala buraxılıb. Bundan başqa, “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 10 sənədli film üzərində işlər davam edir.
Bu il “Üç dost” şirkətində istehsala buraxılmış “Cırtdan və Təpəgöz” “3D” formatında cizgi filminin ilkin variantına baxış keçirilib: “Kinonun inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə elan edilmiş “Bu meydan, bu ekran-2012” kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən qalib kino layihələri təsdiq edilib: “Senzor” layihəsi (Gənc Film İstehsalçıları Assosiasiyası), “Gözlənti” layihəsi (“Rakord” şirkəti“ və Arzu“ layihəsi “Adari Films” şirkəti). İlin ikinci yarımilliyində həmin filmlər çəkilişinə başlanacaq”.
HƏQİQƏT
01/09/12 Çap et