Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il müəllimlərin işə qəbulu ilə bağlı 16 mindən çox elektron ərizə qeydə alınıb
Bu il müəllimlərin işə qəbulu ilə bağlı 16 mindən çox elektron ərizə qeydə alınıb. 2012-2013-cü dərs ili üzrə aparılan müsabiqənin yekunlarına əsasən, 2500-dən çox müəllim ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən qeyd edilib ki, müəllimlərin işə qəbulu mexanizmi beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilib: “2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu təhsil nazirinin imzaladığı müvafiq əmrə uyğun aparılır”.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Elektron xidmətlərin təşkili barədə 01.03.2012-ci il tarixli, 324 nömrəli əmrində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu və imtahanların nəticələrinin nazirliyin internet saytında yerləşdirilməsi nəzərdə tutulub.
Bu istiqamətdə hazırlıq işləri aparılıb, 1 iyul 2012-ci il tarixdən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər görülüb. 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilməsinin təşkili məqsədilə verilən əmrə görə, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Müəllimlərin işə qəbulunda elektron xidmət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu prosesi tənzimləyən sənədlərə gəlincə, buraya “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament” və ona əlavələr - “Vakant yerlər barədə məlumat forması”, “Elektron ərizə forması”, “Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat” daxildir.
Bundan başqa, əmrə əsasən, “Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları”, “Test suallarının cavablandırılmasına dair təlimat”, “Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müsabiqə iştirakçılarından keçid balını toplayanların müraciət formasına dair təlimat” da təsdiqlənib.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı və texniki hazırlıq məsələlərinin “ULTRA” şirkəti ilə birlikdə yerinə yetirilməsini təmin etmək, həmçinin “Təlim mərkəzi”ndə imtahanların keçirilməsi üçün zəruri təşkilati məsələlər tapşırılıb. Xatırladaq ki, sözügedən əmrin icrasına nəzarət nazir Misir Mərdanov tərəfindən aparılır.
HƏQİQƏT
01/09/12 Çap et