Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin Kosmik Texnologiyalar Akademiyasının nümayəndələri ilə “Azərkosmos” ASC-də görüş keçirilib


Ölkəmizdə səfərdə olan Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və bir sıra Çin şirkətlərini təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə "Azərkosmos" ASC-də geniştərkibli görüş keçirilmişdir. Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyası ilə "Azərkosmos" ASC arasında gələcək əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılmış, real əməkdaşlıq imkanlarına dair müəyyən istiqamətlərlə bağlı fikir mübadiləsi edilib.

Çin nümayəndə heyəti Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, hazırkı və gələcək peyk layihələri barədə, habelə "Azərkosmos" ASC-nin fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq qurması barədə məlumatlandırılmış, 2013-cü ilin əvvəlində orbitə buraxılacaq "Azerspace-1" telekommunikasiya peykinin imkanları və xidmətləri ilə tanış edilmişlər.

Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və digər nümayəndələr "Azərkosmos" ASC ilə gələcək əməkdaşlığa dair bir sıra təkliflər səsləndirmiş və bu əməkdaşlıq çərçivəsində "Azərkosmos" ASC tərəfindən irəli sürüləcək bütün təkliflərə müsbət baxacaqlarını bildirərək, regionda aparıcı ölkə olan Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələr qurmaqda, xüsusilə də kosmik sahə üzrə "Azərkosmos" ASC ilə iş aparmaqda maraqlı olduqlarını bəyan etdilər.

Görüşdə  həmçinin kosmik sahə üzrə ölkəmizdə insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi məqsədilə Çin Kosmik Texnologiyalar Akademiyasının "Azərkosmos" ASC ilə təcrübə mübadiləsində iştirak etməsi təklif olundu və  "Azərkosmos" ASC-nin əməkdaşlarının Çində aşağıorbitli peyklər üzrə müxtəlif ixtisasartırma təlimlərində iştirak etməsi barədə razılıq əldə olundu.

Sentyabrın 7-nə qədər davam edəcək səfər çərçivəsində Çin nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, habelə Müdafiə Sənayesi Nazirliyində görüşlərin keçirilməsi nəzərdə tutulub.

RƏVAN





05/09/12    Çap et