Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək 3,5 milyard insan internetə çıxış imkanına malik olacaq
İnternet-istifadəçilərin sayı sürətlə artmağa davam edir. “Forrester Research” tədqiqat şirkətinin proqnozuna əsasən, 2017-ci ilədək internetə çıxış imkanına malik olan insanların sayı 3,5 milyarda çatacaq. Bu göstərici planetimizin əhalisinin təxminən yarısı deməkdir.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin avqustuna olan məlumata görə, mobil qurğu və kompyuter vasitəsilə internetə ayda bir dəfə daxil olanların sayı 2,4 milyarda bərabərdir. “Forrester Research” tədqiqat şirkətinin proqnozuna görə, 5 ildən sonra bu göstərici 1,1 milyard (46 faiz) artmalıdır.
56 müxtəlif ölkədə internet-istifadəçilərin artım statistikasını araşdıran ekspertlər müəyyən ediblər ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İsveç və Hollandiya kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə internetdən istifadə edən insanların sayı çox yuxarıdır; bu ölkələrin sakinlərinin 80 faizdən çoxu müntəzəm olaraq internetdən istifadə edirlər. Braziliya, Rusiya, Hindistan, Çin və digər iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələrdə bu göstərici aşağıdır və 10-50 faiz arasında dəyişilir.
EMİL
05/09/12 Çap et