Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın milli rabitə peyki 2013-cü ildə orbitə buraxılacaq
Cari ilin avqust ayında Naxçıvanda yerüstü ehtiyat idarəetmə stansiyasının tikintisi və quraşdırılması üzrə işlər tam başa çatdırılacaq. Peykin əsas yerüstü idarəetmə sistemi isə bu ilin oktyabrında təhvil veriləcək. "Noyabr ayında Azərbaycan peykini istehsal edən Fransanın "Arial" şirkəti tərəfindən qurğu hazır vəziyyətdə kosmodroma gətiriləcək. Şirkət də rəsmi olaraq öhdəliklərini təsdiqləyib. Bu öhdəliklərə əsasən, gələn il 23 yanvar - 23 fevral tarixləri arasında rəsmi olaraq Azərbaycanın peyki orbitə çıxarılacaq", - Əli Abbasov deyib.
Qeyd edək ki, ilk Azərbaycan Geostasionar Kosmik Telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması planlaşdırılırdı. Bu layihənin ümumi dəyəri təxminən 160 milyon dollardır ki, bunun 86-87 milyon dolları birbaşa peykin istehsalına, 16 milyon dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlərə, 18 milyon dolları isə sığorta xidmətlərinə yönəldiləcək.
Bundan başqa, ilk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və onun idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir.
Hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. "Azerspace" peyki Malayziya hökumətinə məxsus və Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə edilən 46° şərq uzunluğu orbital mövqesinə çıxarılacaqdır.
Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcəkdir.
Buna görə də Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağını düşünürəm.
"Azerspace" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır.
Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcəkdir.
05/09/12 Çap et