Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı akkreditasiya olunacaq


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq.

Bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir.  “ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, artıq “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi.

İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər” standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərib: “TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcək.

Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 17 iyun 2010-cu il tarixindən milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı mütəmadi olaraq İSO 9001:2008 standartı əsasında “Keyfiyyəti idarəetmə sistemi”nin tələblərinin öyrənilməsi mövzusunda təlimlər keçirir, təşkilatlarda tətbiq olunan “Keyfiyyəti idarəetmə sistemləri”nin sertifikatlaşdırılmasını aparır.
 
HƏQİQƏT






05/09/12    Çap et