Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telefon şəbəkəsinin modernləşdirilməsi sürətlə davam edir


Cari ilin 6 ayı ərzində həyata keçirilmiş investisiya layihələri çərçivəsində respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 11 936 nömrə artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 679 236 nömrəyə çatdırılmışdır.
Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 1,8 milyon manat investisiya yönəldilmiş və bunun da nəticəsində ümumi tutumları 1040 nömrə olan EATS-lər, habelə 18 rayonda və Sumqayıt şəhərində ümumilikdə 3145 abunəçi xətti tikilmişdir. 51 km uzunluğunda Lənkəran-Lerik fiber-optik kabel magistralının tikintisi başa çatdırılmış, Lerik mərkəzi ATS-nin TAE magistralına birbaşa bağlantısı təmin edilmişdir. 14 rayonun 21 kənd ATS-nə fiber-optik birləşdirici xətlər çəkilmiş, Masallı-Yardımlı fiber-optik kabel magistralının tikintisinə başlanılmışdır.
Hesabat dövründə Quba, Masallı və Lerikin 5 kənd ATS-nin birləşdirici xətləri HDSL avadanlıqları, Ağdam, Ağsu, Quba, Göyçay, Zaqatala, Yardımlı, Oğuz, Neftçala və Cəlilabadın 13 kənd ATS-nin birləşdirici xətləri fiber-optik kabellər, Şabran, Zaqatala, Salyan, İmişli, Biləsuvar, Tərtər, Zərdab, Ucar və Qaxın 15 kənd ATS-nin birləşdirici xətləri radio-rele xətləri üzərindən olmaqla 33 ATS-in rəqəmli rabitəsi təşkil olunmuş, fiziki və mənəvi cəhətdən köhnəlmiş sıxlaşdırma avadanlıqları istismardan çıxarılmışdır.
Ötən ilin müvafiq dövründə respublika üzrə elektronlaşma faizi 92,1%, Bakı şəhərində 95,3%, digər ərazilərdə 88,8% olduğu halda, artıq MDB ölkələri arasında ilk dəfə olaraq ölkənin telefon şəbəkəsinin elektronlaşması prosesi tam başa çatmışdır. Məlumat üçün bildirim ki, hazırda şəbəkənin elektronlaşmasının dünya üzrə orta göstəricisi təqribən 50% təşkil edir.




19/07/11    Çap et