Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, fərmana əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə"si, Agentliyin strukturu, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları" təsdiqlənib və Dövlət Agentliyinin işçilərinin say həddi 120 ştat vahidi müəyyən edilib.
"ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi xidmətləri həyata keçiriləcək.
Ədliyyə, Daxili İşlər, Vergilər nazirliklərinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə tapşırılıb ki, yuxarıda qeyd edilən xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər, mərkəzlərdə xidmət göstərəcək əməkdaşlarının təyinatı zamanı onların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqları nəzərə alınsın.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə həmin mərkəzləri rabitə kanalları ilə təmin etməlidirlər.
Maliyyə Nazirliyi tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Fərmanın icrasına nəzarəti həyata keçirsin, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərin saxlanılması, mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ayrılması barədə müvafiq təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabineti icra hakimiyyəti orqanları tərəfindən "ASAN xidmət" mərkəzlərində xidmət göstərilməsi üçün həmin orqanlara əlavə ştat vahidlərinin ayrılması barədə təkliflərini bir ay müddətində, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların "ASAN xidmət" mərkəzlərində quraşdırılacaq xüsusi terminallar vasitəsilə real vaxt rejimində əldə edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. O cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
06/09/12 Çap et