Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiber Gənclər Düşərgəsi keçiriləcək


Azərbaycanda gənclər yeni texnologiya və qlobalizasiyaya meyilli ideallar, gözləntilər, ambisiyalar və istedadlar üzərində inkişaf edirlər. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin potensialının inkişaf etdirilməsi, gənclərin menecment sahəsində fəal iştirakı, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli prioritet hədəf olaraq müəyyən olunub.

Müasir gənclik informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu, gənc nəsil üçün tükənməz imkanlar yaradır. İnternet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər.

 “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-12 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində “Kiber Gənclər Düşərgəsi” təşkil edəcək. Birlikdən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək düşərgədə 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək. Bütün iştirakçılar fəal internet istifadəçiləridir. İştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılıb.

Düşərgəyə təlimçi və fasilitator qismində mütəxəssislər, sosial şəbəkədən fəal istifadə edən tanınmış şəxslər dəvət olunacaqlar. Düşərgə innovativ və interaktiv metodlar ilə idarə olunacaq və hər bir iştirakçının fərdi ehtiyaclarını qarşılaya biləcək. Düşərgə müddətində gənclər internetlə təmin olunacaq və bununla da əldə etdikləri yeni informasiya və biliklərdən praktik şəkildə faydalana biləcəklər. 

Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır.

SEYMUR





07/09/12    Çap et