Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hərbiləşdirilmiş Mühafizə İdarəsi – 15 il
Bu gün Azərbaycanda hüquq-mühafizə orqanları və ordu ilə yanaşı, bir çox nazirliklərin, müxtəlif qurumların hərbiləşdirilmiş mühafizə dəstələri fəaliyyət göstərir. Bu sahədə xeyli təcrübə qazanmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi (HMİ) də artıq 15 illik “yaşa dolub”. Bu 15 ildə qazanılanlara HMİ-nin rəisi Telman Hüseynovla birgə nəzər saldıq:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin keçdiyi tarixi yol var. 1945-ci ildən 1994-cü ilə qədər rabitə obyektlərinin qorunması, mühafizəsi o vaxtlar yaradılmış 53-cü Hərbiləşdirilmiş Mühafizə Dəstəsi tərəfindən təmin edilirdi və 1945-ci ildən həmin dəstəyə Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyev rəhbərlik edib. 1992-ci ilin sentyabr-oktyabr aylarında həmin Hərbiləşdirilmiş Mühafizə Dəstəsi Rabitə Nazirliyinin tabeliyində olan birlik, idarə və müəssisələrə təhkim olunub. O vaxtlar həmin dəstədə mühafizə xidmətində çalışanların böyük bir qismi yaşlı adamlar idi.
Bu da haradasa rabitə obyektlərinin mühafizəsində müəyyən problemlər yaradırdı. 1990-cı illərdə ölkə daxilində ermənilərin metroda, avtobusda və başqa yerlərdə törətdiyi terror aktlarını və respublikanın müharibə şəraitində olduğunu nəzərə alaraq, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi və ərazidə hər hansı təxribat hallarının qarşısını almaq məqsədi ilə 09.09.1997-ci il tarixindən rabitə nazirinin 149 saylı əmri ilə Hərbiləşdirilmiş Mühafizə İdarəsi yaradıldı. HMİ yarandığı gündən rabitə obyektlərinin mühafizəsini, nəzarət-buraxılış rejimini təmin etməklə, yanğın təhlükəsizliyinə nəzarət edir və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərini həyata keçirərək fəaliyyət göstərir.
“HMİ-də çalışan hər bir mühafizəçi yaxşı bilir ki...”
HMİ-nin hazırda nə qədər əməkdaşı var?
HMİ-də bu gün 906 mühafizəçi işləyir. Şəxsi heyətin 80 faizi gənclərdən ibarətdir. Onlardan 110 nəfəri Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə vuruşmuş Qarabağ müharibəsi veteranlarıdır. Təbii ki, respublikada rabitə sektoru inkişaf etdikcə HMİ-nin fəaliyyət dairəsi də genişlənib. Əgər 2010-cu ilə qədər Bakıda 5, rayonlar üzrə 2 poçt filialı mühafizə olunurdusa, indi “Azərpoçt” MMC bank sisteminə keçdikdən sonra bir çox regional və digər poçt filialları mühafizəyə götürülüb. HMİ-də çalışan hər bir mühafizəçi yaxşı bilir ki, dövlət və dövlət idarəetmə strukturlarının, sənaye və təsərrüfatın fəaliyyətini rabitəsiz təsəvvür etmək qeyri-mümkündür və müasir texnologiya avadanlıqları və qurğuları ilə təchiz olunmuş rabitə obyektlərinin mühafizəsi respublikanın iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli məsələdir. Təbii ki, rabitənin inkişafı ölkə rabitəçilərinin gərgin əməyi sayəsində, rabitəçi mühəndislərin elmi-texniki ixtiralardan vaxtında və dəyərincə yararlanmalarından qaynaqlanıb.
Rabitə sektoru inkişaf edərək topladığı böyük iqtisadi və texniki potensialını bu gün HMİ mühafizə xidmətini günün tələbləri səviyyəsində quraraq qoruyur. HMİ öz işini daha da möhkəmləndirmək, gecə saatlarında da mühafizəçilər tərəfindən xidmətin keyfiyyətli aparılması üçün iki əməliyyat qrupu yaradıb. HMİ-nin aparat işçiləri tərəfindən isə ayda bir dəfə rayon rabitə obyektlərində xidməti yoxlamalar aparılır.
Bununla yanaşı, belə xidməti yoxlamaları HMİ tərəfindən yaradılmış zona rəisləri sistematik olaraq həyata keçirir. HMİ-nin nəzdində Təlim-Tədris Mərkəzi (TTM) də yaradılıb. Həmin mərkəzdə fəaliyyət göstərən atıcılıq tirində mühafizəçilərin atəş hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün silahdan istifadə qaydaları, silahların texniki göstəriciləri öyrədilir və silahdan atəş təlimi keçirilərək məqbullar götürülür. 2010-cu ildə RİTN-in köməkliyi ilə HMİ-nin inzibati binasının estetik görünüşü də yaxşılaşdırılıb, otaqlar yeni avadanlıqlarla təchiz edilib.
HMİ rabitə obyektlərinə təkliflərini də verir
HMİ rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün hər il müəyyən işlər görməklə yanaşı, obyekt rəhbərlərinə müraciət etməklə öz təkliflərini də verir. NHMİ-nin müraciəti və RİTN-in 24.01.2012-ci il tarixli №MM-ÜŞ-18/228 saylı məktubun 52-ci bəndinin icrası kimi, obyekt rəhbərləri tərəfindən Bakı Teleqüllə kompleksinin perimetrinə uyğun olaraq, videomüşahidə kameraları, Teleqüllə kompleksinin girişində, MHM-in giriş qapısında turniket-nəzarət aparatları, “Azərpoçt” MMC-nin Bakı şəhər poçt filiallarında, BTRİB-in EATS-lərində (ATS-561, ATS-564, ATS-453, ATS-456, ATS-445, ATS-450, ATS-371 və s.) görüntü müşahidə kameraları quraşdırılıb. Həmin obyektlərdə quraşdırılmış müşahidə kameralarının görüntüləri mərkəzləşdirilmiş şəkildə idarənin əməliyyat növbətçiliyi otağında 7 ədəd 107 diametrlik monitorlara birləşdirilib və s. Yanğın təhlükəsizliyinə aid çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə 355 yazılı məktubla müraciət olunaraq, 1000-dən artıq nöqsanın aradan qaldırılması üçün təkliflər verilib.
Görülmüş müsbət işlərdən biri də rabitə obyektlərində istismar müddəti keçmiş quru, kimyəvi, toz odsöndürücü balonların yararlı vəziyyətə gətirilməsi, yanğına qarşı tikilmiş 125 su hovuzunun su ilə dolu vəziyyətdə saxlanılmasının daim nəzarətdə olmasıdır. HMİ-nin obyekt rəhbərlərinə verdiyi təkliflərdən biri də rabitə obyektlərində yanğına qarşı mühafizə sisteminin quraşdırılmasıdır. Hazırda BTRİB-in 121 EATS və ONU-larında, “Aztelekom” İB-nin, “Teleradio” İB-nin tabeliyindəki obyektlərdə, “Azərpoçt” MMC-nin 9 rayon poçt filialında, DRİ, MHM, BƏHM, “Azərkosmos” ASC və digər obyektlərdə belə bir sistem quraşdırılıb.
- HMİ-də rabitə obyektlərinin mühafizəsi, buraxılış rejimi, yanğın təhlükəsizliyinə nəzarət, silah və sursatın saxlanılması, gəzdirilməsi və istifadə edilməsi hansı hüquqi sənəd əsasında həyata keçirilir?
- HMİ-də rabitə obyektlərinin mühafizəsi, mühafizə xidmətinin aparılması RİTN-in “Rabitə obyektlərində mühafizə işinin gücləndirilməsi və buraxılış rejiminin tənzimlənməsi tədbirləri haqqında” 17.02.2011-ci il tarixli 28 saylı əmrə, HMİ-nin əsasnaməsinin, nizamnaməsinin müddəalarına, həmçinin HMİ-nin daxili təlimatlarına, yanğın təhlükəsizliyi Fövqəladə Hallar Nazirliyinin 08.04.2008-ci il tarixli 83 əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin obyektlərində yanğın təhlükəsizliyi qaydalarına dair təlimat”ın tələblərinə uyğun olaraq həyata keçirilir və silah və sursatın saxlanılması, gəzdirilməsi və istifadə edilməsi “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanununa, respublika prezidentinin 24 avqust 2007-ci il tarixli 769 saylı fərmanı ilə təsdiq edilmiş qaydalara, Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 12.01.2010-cu il tarixli MŞ/1-XİÜ saylı əmri ilə təsdiq edilmiş “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sistemində xidməti silahların dövriyyəsi qaydaları haqqında” təlimata əsasən təmin edilir.
- HMİ-də yanğın profilaktikası işinin təşkili barədə nə deyə bilərsiniz?
- Rabitə obyektlərinin istehsal-texnoloji prosesindən asılı olaraq mühəndis-texniki işçilərin, fəhlələrin, qulluqçuların yanğın təhlükəsizliyi sahəsindəki bilikləri artırmaq, yanğınsöndürmə vasitələrindən daha mükəmməl istifadə edilməsini öyrətmək və rabitə obyektlərinin yanğın təhlükəsizliyinə nəzarət etmək, yanğın profilaktiki tədbirlərinin icrasının təmin olunması məqsədi ilə HMİ tərəfindən yanğın-texniki müayinə keçirilir və müayinənin nəticəsi barədə məlumat və yanğına qarşı tədbirlərin yerinə yetirilməsi müddəti göstərilməklə, HMİ tərəfindən obyekt rəhbərliyinə məktubla müraciət olunur.
“HMİ-nin bəzi nöqsanları da olub”
- 15 ildə HMİ hansı halların qarşısının alınmasına nail ola bilib?
- Yarandığı müddət ərzində mühafizəçilər tərəfindən onlarla oğurluğun, MTN tərəfindən aparılan “Şərti düşmən” əməliyyatlarının qarşısı alınıb, rabitə obyektlərinin ərazilərində, binanın mərtəbələrində, elektrik təsərrüfatında baş vermiş yanğınsöndürmə vasitələrindən düzgün istifadə edilərək söndürülüb. Əlbəttə, ötən müddətdə yaxşı işlərlə yanaşı, HMİ yarandığı gündən bəzi nöqsanları da olub.
Belə ki, 2003-cü ildə Sabunçu TQ-da, 2006-cı ildə Yasamal TQ-da, 2007-ci ildə “Azercell”in Sumqayıt obyektində, RS-1-də, 2010-cu ildə yenə Yasamal TQ-da, 2011-ci ildə Nizami TQ-da mühafizəçilərin qeyri-sayıqlığı və məsuliyyətsizliyi nəticəsində oğurluq və 2011-ci ildə RİTN-in inzibati binasının girişində mühafizəçilərin xidməti otağında yanğın hadisəsi baş verib. Təbii ki, HMİ bundan sonra belə neqativ halların baş verməməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək, Azərbaycan iqtisadiyyatında neft sektorundan sonra mühüm yer tutan rabitə sektorunun mühafizəsi üçün çox böyük işlər görəcək, gələcəkdə qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə və yüksək keyfiyyətlə yerinə yetirəcək.
- Fikrinizcə, bəs HMİ-də maddi-sosial vəziyyəti bu gün necə qiymətləndirmək olar?
- İdarənin maddi-sosial durumu 5-10 il bundan əvvəl olduqca aşağı səviyyədə idi. Amma son bir neçə ildə vəziyyət yaxşılaşıb. Belə ki, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun göstərişi ilə mühafizəçilərin əməkhaqları nazirlik üzrə orta aylıq əməkhaqqı məbləğinə uyğunlaşdırılıb. Əgər 01.01.2004-cü ilə qədər bir mühafizəçi əməkhaqqı Bakı şəhəri üzrə 50 manat, rayonlar üzrə 35 manat təşkil edirdisə, indi, son ayın göstəricilərinə uyğun olaraq, paytaxt üzrə mühafizəçilərin orta aylıq əməkhaqqı 305,9 manata, rayonlar üzrə isə 206,34 manata çatdırılıb.
Həqiqət İSABALAYEVA
08/09/12 Çap et