Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə ilk dəfə Sumqayıtda “Elektron davamiyyət” sistemi tətbiq olunub
Artıq iki ilə yaxındır ki, Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən şagirdlərin davamiyyətinə internet vasitəsilə nəzarət mexanizmi hazırlanmış və tətbiq olunmağa başlanılıb. Bununla da normal dərs prosesinin təşkilində şagirdlərin dərsə davamiyyəti tam nəzarətə alınıb.
İnnovativ texnologiyaların müsbət təsirindən bəhs edərək şəhər Təhsil şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Vidadi Bağırov bildirib ki, ölkədə ilk dəfə olaraq Sumqayıtda tətbiq olunan bu mexanizmin həm şagirdlərin və valideynlərin, həm də məktəb rəhbərliyinin məsuliyyətinin artırılmasına və şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşmasına səbəb olub. Bu sistemin tətbiqindən ötən dövr ərzində onun təkmilləşdirilməsi üzrə aparılan işlər intensivləşdirilib, valideynlərlə interaktiv əlaqə və saytın mobil telefon versiyası hazırlanaraq işə salınıb.
Eyni zamanda, bu resurs vasitəsilə saytın çoxsaylı ziyarətçilərinə təhsil və tərbiyə sahəsində müxtəlif maarifləndirici materiallar, şəhər Təhsil şöbəsi tərəfindən keçirilmiş müxtəlif tədbirlərin videogörüntüləri, açıq dərslər təqdim edilir.
Yeni dərs ilinin əvvəlinə isə daha bir yenilik - şəhər ümumtəhsil məktəblərinin vahid dərslik sistemi hazırlanıb. Dərs ilinin əvvəlində məktəblər üzrə dərsliklərin sayının tənzimlənməsində və bütün şagirdlərin vaxtında dərsliklə təmin edilməsində bu sistemin böyük köməyi olacaq.
10/09/12 Çap et