Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyanın keçmiş prezidentinin xanımı “Google”-ı məhkəməyə verir


Almaniyanın keçmiş prezidenti Kristian Vulfun həyat yoldaşı Bettina Vulf dünyanın ən məşhur axtarış sistemi olan “Google”-ı məhkəməyə vermək fikrindədir. “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, Bettina Vulf bildirib ki, “Google”-ın axtarış xanasında ad yazılarkən çıxan xatırlatmalarda dəyişiklik aparmağa vadar etmək niyyətindədir.

Çünki axtarış sisteminin hər bir istifadəçisi Almaniyanın keçmiş birinci xanımının adını yazanda “fahişə” və “qırmızı işıqlar məhəlləsi” sözləri ilə rastlaşır. Məlumat üçün bildirək ki, Bettina Vulfun əvvəllər fahişəliklə məşğul olması ilə bağlı şayiələr Almaniyada çoxdan dolaşır. Bu şayiələr keçmiş prezidentin həyat yoldaşını hiddətləndirir. O, bu vaxta qədər məhkəmə yolu ilə 34 KİV-i, o cümlədən, iri nəşrləri bu mövzuda susmağa məcbur edə bilib.

İş orasındadır ki, “Google” təslim olmaq niyyətində deyil. Şirkətin Şimali Avropadakı nümayəndəsi Key Oberbekin məsələ ilə bağlı açıqlama verərək bildirib ki, xatırlatmalar avtomatik qaydada yaranır. O deyib ki, burada söhbət istifadəçilərin ən çox axtardıqları sözlərin xüsusi alqoritm vasitəsilə seçilməsindən gedir.

SEYMUR





11/09/12    Çap et