Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Televizorlara maraq azalır
“NPD DisplaySearch” tədqiqat şirkətinin məlumatına əsasən, qlobal televizor bazarının həcmi artıq ikinci rüb ardıcıl olaraq azalır. Belə ki, 2012-ci ilin ikinci rübündə 51,6 milyon yeni televizor satılıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz aşağıdır.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, maye kristal televizorlar bazarın 85,5 faizinə (44,1 milyon) nəzarət edərək ötən il olduğu kimi liderdir. “Cathode Ray Tube” (CRT) modellərin bazar payı 8,4 faiz (4,3 milyon) təşkil edir. Üçüncü yerdə 6.1 faiz (3.2 milyon) göstərici ilə plazma modellər qərarlaşıb.
“NPD DisplaySearch” analitik şirkəti televizor bazarındakı durğunluğu pisləşən iqtisadi vəziyyət, qiymətlərin aşağı düşməsi prosesinin ləngidilməsi, televizorlar üçün müasir “3D” məzmunun çatışmazlığı və digər amillərlə bağlıdır.
İstehsalçılara gəlincə, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə Koreyanın “Samsung” şirkəti televizor sahəsi üzrə liderdir. Şirkət 1 il ərzində bazar payını 18 faiz artıraraq 28,5 faizədək çatdırıb. İkinci yerdə 14,6 faiz göstərici ilə “LG Electronics” şirkəti qərarlaşıb. “Sony” və “Panasonic” şirkətləri isə müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.
EMİL
12/09/12 Çap et