Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-in köməyi ilə regionda baş verəcək zəlzələlərin koordinatları əvvəlcədən bəlli olacaq
«Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsinə böyük diqqət göstərilir . Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) də olduqca məhsuldar işlər görür».
Bu fikirləri “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev söyləyib. Onun sözlərinə görə, dövlətin böyük diqqəti nəticəsində ölkədə İKT sahəsi üzrə olduqca mühüm nailiyyətlər əldə olunub.
Azərbaycanda keçirilən konfransların da buna bariz nümunə olduğunu önə çəkən akademik əlavə edib ki, alimlərimiz sözügedən beynəlxalq tədbirlərdə həm İnformasiya Texnologiyaları İnstitutunun, həm Kibernetika İnstitutunun aldığı nəticələri, həm də ali məktəblərimizdə, universitetlərimizdə alınan nəticələri təqdim edir və bu da iştirakçılar tərəfindən olduqca müsbət qarşılanır: «Azərbaycanda ilk dəfə olaraq istismarı dayandırılmış neft quyuları üzərində seysakustik telemetik stansiya yaradılıb. Bu stansiya dünyada ilk dəfə olaraq bizim ölkədə qurulub. Onun vasitəsi ilə zəlzələləri 15-20 saat əvvəlcədən monitorinq etmək imkanı əldə etmişik. Artıq 2 ildir ki, belə stansiyalar işləyir. Hazırda işləyən stansiyaların sayı 5-dir.
Onlar Qum adasında, Siyəzəndə, Neftçalada, Şirvanda və Naftalanda yerləşdirilib. Lakin biz hələlik zəlzələnin baş verəcəyi yerin koordinatını deyə bilmirik. Koordinatı tapmadığımıza görə bunu hələlik istifadə etmək mümkün deyil. Biz bura Kanada, İtaliya, Panama, Yunanıstan, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və Türkmənistandan dünyanın ən böyük 17 seysmoloqunu dəvət etmişik.
Onlarla bir yerdə stansiyaları bir-bir gəzmişik və bir yerdə əməkdaşlıq edirik. Biz hesab edirik ki, yaxın bir neçə ay müddətində zəlzələlərin koordinatlarını da deyə biləcəyik. Bununla bağlı artıq işlər görülür. Onun axıra çatdırılması üçün də bir neçə ay vaxt lazımdır. Bu, çox ciddi və elmi tutumlu bir layihədir. Layihəni AMEA və RİTN birgə reallaşdırır.
Burada RİTN xüsusi köməklik göstərir. Nazirliyin köməyi ilə stansiyalarda alınan siqnallar peyk vasitəsi ilə qəbul edilib paralel olaraq bizim serverə ötürülür. Bunun nəticəsində məhz zəlzələnin koordinatının tapılması imkanı yaranır. Biz təkcə zəlzələnin neçə saatdan sonra olacağını deməyəcəyik, eyni zamanda zəlzələnin təxminən harada baş verəcəyini də söyləyə biləcəyik. Məsələn, son günlər İranda olan zəlzələni biz əvvəlcədən müəyyən etmişdik».
Hələlik Türkmənistan və Türkiyədə də sözügedən stansiyaların quraşdırılması ilə bağlı danışıqlar apardıqlarını qeyd edən T.Əliyevin sözlərinə görə, digər ölkələrdə də bu tipli stansiyaların yerləşdiriləcəyi gözlənilir: «Hazırda 6-cı stansiyanı Naxçıvanda, İranla Türkiyənin sərhədində quraşdırmağı planlaşdırırıq. Ola bilər ki, 6 stansiya zəlzələnin baş verəcəyi koordinatın tapılmasına kifayət etsin. Amma kifayət etməsə, onda bir neçə əlavə stansiyanın quraşdırılması da planlaşdırıla bilər. Biz belə fikirləşirik ki, bir neçə ölkə – Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Ukrayna ümumi bir peyk vasitəsi ilə birləşsin və böyük bir layihə gerçəkləşsin. Onda regionda seysmik situasiyanı əvvəlcədən müəyyənləşdirə biləcəyik».
SEYMUR
14/09/12 Çap et