Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib. Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib.
Sammit çərçivəsində keçirilən çoxsaylı sessiya və plenar iclaslarda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edib. “Dünyanın hiperbirləşməsi” adlı sessiyada nazir Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlardan söz açıb, regional ölkələrin bir-biri ilə virtual alətlər vasitəsilə birləşməsi, beləliklə, Qərblə Şərq arasında mövcud olan rəqəmli uçurumun aradan qaldırılmasında ölkəmizin rolunu qeyd edib, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılmasında dövlət başçısının rəhbərliyi ilə aparılan işlərdən, bu layihələrin qlobal iqtisadiyyata verəcəyi töhfələrdən danışıb.
Sammit iştirakçılarına Azərbaycanda İKT sahəsində görülən işlər, region əhəmiyyətli digər layihələr haqda da məlumat verən nazir Əli Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu, “Bakutel” sərgi-konfransı barədə də onları geniş məlumatlandırıb.
Sammitin növbəti günü xüsusi əhəmiyyəti ilə seçilən “İKT üzrə dövlətlər” panelində də çıxış edən nazir Əli Abbasov dövlət-sahibkarlıq, dövlət-vətəndaş, vətəndaş-sahibkar münasibətlərində “Elektron hökumət”, ölkədə bu istiqamətdə atılan addımlar, Azərbaycan təcrübəsi və s. mövzularla bağlı iştirakçılara geniş məlumat verib, onların suallarını cavablandırıb.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və beynəlxalq layihələr olan Trans-Avrasiya Super İnformasiya Magistralı, Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi layihəsi panel iştirakçılarının diqqətini cəlb edib, iştirakçılar gələcəkdə üzv ölkələrin, o cümlədən maraqlı tərəflərin bu layihələrin reallaşmasında səylərini artıracağını da nəzərə çatdırıblar. Sammit iştirakçıları Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsini də müsbət qarşılayıblar.
Sammit çərçivəsində nazir Əli Abbasov Estoniyanın İqtisadiyyat və rabitə naziri Yohan Parts, ABŞ-ın Ölkənin Milli Təhlükəsizlik Departamentinin müavini Tara O’tool, Nigeriyanın rabitə naziri Omobola Conson, “Microsoft” şirkətinin vitse-prezidenti Stiven Kroun, Çinin Peyk sənayesi üzrə aparıcı şirkəti “China Great World Industry” korporasiyasının prezidenti Yin Liminq, “Kasperskiy” şirkətinin prezidenti Yevgeni Kasperskiy, Ümumdünya İnternet Cəmiyyətinin prezidenti Lin Amur, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini Rebeka Qrinspan, Dünya İqtisadi Forumunun Telekommunikasiya və İnformasiya-kommunikasiya Texnologiyaları Sənaye Departamentinin rəhbəri Alan Markusla ikitərəfli görüşlər də keçirib.
14/09/12 Çap et