Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AzTU-da Rusiya universitetinin mühəndislik üzrə ixtisas tədris resurslarına onlayn çıxış təşkil edilib
Azərbaycan Texniki Universitetində “Mühəndislik proqramları mərkəzi” yaradılıb. Mərkəzdə Azərbaycanın sənaye müəssisələrinin, ali məktəblərinin, orta-ixtisas və kolleclərinin, habelə biznes strukturlarının mühəndis və texniki işçiləri müxtəlif 56 ixtisas proqramı üzrə yenidən hazırlanacaq.
İxtisasartırma proqramları N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin təqdim etdiyi tədris materialları əsasında bu, Rusiya ali məktəbinin müəllim heyəti vasitəsilə həyata keçiriləcək. Təhsildə informasiya texnologiyalarının tətbiqi üzrə təcrübəyə malik olan “SİNAM” şirkətinin mütəxəssisləri tərəfindən “Mühəndislik proqramları mərkəzi”ndə tədris üçün zəruri avadanlıqlar quraşdırılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Mərkəzdə “eInstruction” elektron lövhə, proyektor və videokonfranslar üçün avadanlıq istifadəyə verilib. Genişzolaqlı internet vasitəsilə mərkəzdən N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin mühəndislik ixtisasları üzrə tədris materiallarına çıxış da təşkil olunub.
Qeyd etmək lazımdır ki, “Mühəndislik proqramları mərkəzi”ndə treninqləri bitirmiş tələbələrə hər iki universitetin vahid sertifikatı veriləcək.
Azərbaycan Texniki Universitetində “Mühəndislik proqramları mərkəzi” MDB dövlətlərinin dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF – МФГС) layihəsi çərçivəsində yaradılıb.
CAHANGİR
14/09/12 Çap et