Elektron satınalmanın tətbiqi büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradır
Bütün dünyada sürətlə gedən İKT yenilikləri artıq iqtisadi və biznes proseslərinin də müasir texnologiyalar əsasında idarə edilməsini gündəmə gətirib. Bu gün qlobal hadisə kimi dəyərləndirilən elektron kommersiya, elektron biznes bir çox üstünlüklərinə görə iqtisadi inkişafın hərəkətverici amillərindən biri kimi qəbul edilir. Hazırda elektronlaşdırma cəmiyyətin bütün sahələrini əhatə etməkdədir ki, satınalmalar da bu sahələrdən biridir.
Son onillikdə bir çox ölkələrin dövlət satınalmalarında elektron satınalma sistemlərinin tətbiqi genişləndirilib
Bəs Azərbaycanda elektron satınalmaların təşkili hansı prosedur qaydalarına əsaslanır? Elektron satınalmaların hansı üstünlükləri var? Ümumilikdə elektron satınalmalarla bağlı beynəlxalq təcrübə necədir? “Rabitə dünyası”nın bununla bağlı suallarını Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) “Elektron məlumat bazasının təşkili” sektorunun müdiri Sahib Mustafayev cavablandırıb: “İnformasiya və kommunikasiya texnologiyalarını istifadə etməklə keçirilən satınalmalara elektron satınalma deyilir. Hesab edilir ki, elektron satınalmanın tətbiqi - auksion, elektron müsabiqələr və s. keçirilməsi- dövlət satınalmalarında şəffaflığı artırır, rəqabəti gücləndirir və beləliklə, büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradır. Son onillikdə bir çox ölkələrin dövlət satınalmalarında elektron satınalma sistemlərinin tətbiqi genişləndirilmişdir. Bu sahədə ABŞ, Cənubi Koreya və Avstraliya daha çox təcrübə toplamışlar”.
Avropa İttifaqının qanunvericiliyi üzv ölkələrdə elektron satınalmadan istifadəni stimullaşdırır
S.Mustafayevin sözlərinə görə, Avropa İttifaqının qanunvericiliyi ittifaqa daxil olan ölkələrdə dövlət satınalmaları zamanı elektron satınalmadan istifadəni stimullaşdırır: “İqtisadi və coğrafi baxımdan Azərbaycana yaxın olan ölkələrdə də, o cümlədən, Rusiya, Qazaxıstan, Ukraynada elektron satınalmalardan istifadə edilir”.
Sektor müdiri deyir ki, elektron satınalma metodundan istifadə edən ölkələri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa dövlətlərarası müqavilələri bağlamaq üçün keçirilən müsabiqələrdə elektron satınalma metodundan ayrı-ayrı hallarda, könüllü olaraq və yaxud elektron texnologiyaları prosedurların bir hissəsinə tətbiq edən, digərinə etməyən ölkələr daxildir: “Bu ölkələr çoxluq təşkil edir. İkinci qrupa elektron satınalma metodunu dövlət satınalmalarında məcburi olaraq bütün mərhələlərdə - elan və bildirişlərin verilməsindən başlayaraq qalib podratçı şirkətin müəyyən edilməsinə qədər tətbiq edən ölkələr daxildir. Bunların sayı isə azdır. Bu ölkələrə misal olaraq Gürcüstan, Albaniya, Cənubi Koreya və s. göstərmək olar”.
SDA elektron satınalma sisteminin qurulmasının mərhələlərlə həyata keçirilməsi strategiyasını seçib
Amma proses xüsusi kadr hazırlığını da gündəmə gətirdiyi üçün bu sahədə mütəxəssislərin səriştə və bacarıqlarının təkmilləşdirilməsi hazırda prosesi tətbiq edən ölkələr üçün mühüm məsələdir. Bu baxımdan, satınalan təşkilatların dövlət satınalmalarına cəlb olunan mütəxəssislərinin ixtisas səviyyələrinin artırılması məqsədi ilə nazirlik, komitə, idarə və təşkilatların, eyni zamanda respublikanın şəhər və rayonlarının təhsil, səhiyyə, mədəniyyət şöbələrinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin mütəxəssisləri üçün “dövlət satınalmaları” mövzusunda mütəmadi olaraq təlim kursları keçirilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən kiçik və orta sahibkarların dövlət satınalmalarına geniş cəlb olunmasını təmin etmək məqsədi ilə həmin şirkətlərin nümayəndələri üçün seminarlar təşkil olunur: “Qeyd etmək lazımdır ki, elektron satınalma üsullarının istifadəsi yüksək maddi-texniki baza və kifayət sayda kadr potensialı tələb edir. Son illər Azərbaycanın dinamik iqtisadi inkişafı, ölkə rəhbərinin qayğı və diqqəti nəticəsində qısa müddətdə informasiya və kommunikasiya sahəsində gözəçarpan nailiyyətlər əldə edilmişdir. Müəssisə və təşkilatlar, bir qayda olaraq, genişzolaqlı internet şəbəkəsi ilə təmin edilmiş, yüksək səviyyəli mütəxəssislər hazırlanmışlar.
Xarici ölkələrin bu sahədə toplanmış təcrübələrini, respublikada mövcud olan maddi-texniki bazanın səviyyəsini və çoxsaylı mütəxəssislərin məsləhətlərini nəzərə alaraq Satınalmalar üzrə Dövlət Agentliyi bu sahədə mərkəzi icra orqanı olaraq elektron satınalma sisteminin qurulmasının mərhələlərlə həyata keçirilməsi strategiyasını seçmişdir”.
Artıq müəssisə və təşkilatlar dövlət hesabına keçirilən müsabiqələr haqqında bildirişləri “www.tender.gov.az”-da yerləşdirməlidirlər
SDA rəsmisinin sözlərinə görə, 2010-cu ildən ölkə prezidentinin fərmanı ilə “Dövlət satınalmaları haqqında” qanuna müvafiq əlavələr edilərək elektron satınalma üsulunun tətbiqinin ilk mərhələsinə start verilib: “Artıq müəssisə və təşkilatlar dövlət hesabına keçirilən müsabiqələr haqqında bildirişləri bu məqsədlə təkmilləşdirilmış Satınalmalar üzrə Dövlət Agentliyinin saytında (
www.tender.gov.az) yerləşdirməlidirlər. İndi demək olar ki, keçirilən müsabiqələrin tam əksəriyyətində qanunla tələb olunan ən azı üç dövlət sifarişi üzrə müqavilənin bağlanmasına iddialı olan üç podratçının iştirakı təmin edilmişdir”.
Tender təşkilatçısı və iştirakçıları növbəti mərhələləri internet vasitəsi ilə həyata keçirə biləcəklər
S.Mustafayev deyir ki, tender prosedurlarının növbəti mərhələlərinin informasiya texnologiyalarının istifadəsi ilə keçirilməsinin təşkili agentliyin qarşısında duran prioritet məsələlərdən biridir: “Bunlar müvafiq müsabiqə mərhələlərini ənənəvi kağız sənəd dövriyyəsi ilə bərabər, tender təşkilatçısına və iştirakçılarına internet vasitəsi ilə həyata keçirməyə imkan yaradacaq.
Belə ki, iştirakçıların müsabiqədə iştirak etmək üçün ərizələrinin tender komissiyasına çatdırılması, müəyyən olunmuş iştirak haqqının ödənilməsi, tenderin əsas şərtlər toplusunun iddiaçılara çatdırılması internetlə mümkün olacaq”. İnformasiya texnologiyalarının istifadəsi tələb olunan sənədlərin iddiaçılar tərəfindən tender komissiyasına çatdırılması, tender komissiyası və iddiaçılar arasında qanunla müəyyən edilmiş çərçivədə və müddətlərdə internetdə dialoqun təşkili, yekun tender təkliflərinin (qiymət təklifi və müvafiq bank təminatının) tender komissiyasına çatdırılmasında da həyata keçiriləcək.
“SDA-nın müraciəti Nazirlər Kabinetində baxılmaqdadır”
S.Mustafayev deyir ki, sözügedən məsələlərin həlli üçün agentlik bu sahədə ixtisaslaşmış ekspertlərin rəylərinə əsaslanaraq hesablamalar aparıb: “Hesablamaların nəticəsi olaraq, avadanlıq və texniki vasitələrə, proqram təminatına, heyətin peşə hazırlığına tələb olunan maliyyə resurslarına ilkin tələbatını müəyyən etmişdir və bu barədə agentliyin müraciəti Azərbaycan Respublikasının Nazirlər Kabinetində baxılmaqdadır. Digər mühüm məsələ Azərbaycan Respublikasının Dövlət satınalmaları haqqında qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsindən ibarətdir”.
SDA proqram təminatının və idarəetmə xidmətlərinin satın alınması üzrə müsabiqə keçirməyi planlaşdırır
SDA rəsmisinin sözlərinə görə, hal-hazırda qüvvədə olan “Dövlət satınalmaları haqqında” qanun yuxarıda qeyd olunmuş elektron satınalma mərhələlərindən yalnız ilk mərhələni, yəni müsabiqələr haqqında bildirişlərin internet vasitəsi ilə verilməsini nəzərdə tutur: “Maliyyə vəsaiti ayrıldıqdan və qanunvericiliyə zəruri dəyişikliklər edildikdən sonra agentlik avadanlıqların, tələb olunan proqram təminatının və idarəetmə xidmətlərinin satın alınması üzrə müsabiqə keçirməyi planlaşdırır”.
Qeyd edək ki, SDA respublika prezidentinin 1997-ci il 16 may tarixli fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb.
Əsasnaməyə uyğun olaraq, Satınalmalar üzrə Dövlət Agentliyinə Azərbaycanda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarətin təmin edilməsi, satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları sahəsində məlumat bazasının yaradılması, ölkə qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələrin yerinə yetirilməsi məsələləri həvalə edilib.
Satınalmalar üzrə Dövlət Agentliyi bu sahədə əldə olunmuş təcrübəni öyrənərək, Avropa Birliyinin bir sıra ölkələrinin dövlət satınalmalarına dair mövcud sənədlərini, Dünya Bankının tövsiyələrini, Ümumdünya Ticarət Təşkilatının dövlət satınalmaları üzrə sazişlərinin müddəalarının tələblərini nəzərə almaqla “Dövlət satınalmaları haqqında” qanun layihəsini işləyib hazırlayıb. Həmin qanun layihəsi Milli Məclis tərəfindən 2001-ci ildə qəbul olunaraq, “Dövlət satınalmaları haqqında” qanunun tətbiq edilməsi barədə prezidentin 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minib. Fərmana əsasən iki yüz əlli milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları açıq tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti iki yüz əlli milyon manatdan aşağı olduqda satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir.
Tender predmetinin ehtimal olunan qiyməti 5 milyard manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 1,5 milyard manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və tender predmetinə aidiyyəti olan müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri daxil edilir. Azərbaycanda keçirilən dövlət satınalma prosedurlarında istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi, dövlət mənsubiyyətindən asılı olmayaraq, iddiaçı kimi iştirak edə bilərlər.
Həqiqət İSABALAYEVA