Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zaqatala rabitəsinə zəlzələnin vurduğu ziyanın nəticələri tamamilə aradan qaldırılıb
Zaqatalada rayon rabitəsinə zəlzələnin vurduğu ziyanın nəticələri tamamilə aradan qaldırılıb. Bu barədə “Rabitə dünyası” qəzetinə “Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
Onun sözlərinə görə, hadisə zamanı Zaqatala rayon 320 nömrə tutumuna malik Gözbaraq kənd EATS-nin binası uçaraq yararsız vəziyyətə düşüb, başqa kənd ATS-lərinə, Mərkəzi ATS-in binasına, xətt təsərrüfatlarına böyük zərər dəyib. Baş direktor müavini bildirdi ki, birliyin gördüyü tədbirlər nəticəsində hazırda Gözbaraq kənd ATS-nin binası tikilərək istifadəyə verilib, digər ATS-lərə isə dəyən zərərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.
Rayonun Yuxarı Çardaxlar kənd EATS-i Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyinin binası yarasız vəziyyətə düşdüyünə görə ATS-in köçürülməsi zərurəti yaranıb. Məhz buna görə də nümayəndəliyin həyətində ATS binasının inşası üçün torpaq sahəsi ayrılıb.
Zaqatala şəhəri gün-gündən böyüyür, genişlənir. Yeni evlərin tikilməsi bütün sosial-iqtisadi təminat kimi telefon çəkilməsi məsələsini gündəmə gətirir. Hazırda rayonun cənub-qərb hissəsində, eyni zamanda Qazangül qəsəbəsində yeni yaşayış evlərinin, o cümlədən Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binasının tikilməsi ərazidə 500 nömrə tutumlu yeni EATS-in tikilməsini labüd edib.
Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində ərazidə tikilən yeni EATS binası bu günlərdə istifadəyə veriləcək.Qeyd edək ki, Zaqatala TKQ 19880 telefon nömrəsinə xidmət edir. Bunlarda 6600 şəhər, 13200 kənd telefonlarıdır. Rayon üzrə bütün kəndlər telefonlaşdırılıb. Bütövlükdə rayon üzrə hər 100 nəfərə 16,5 telefon nömrəsi düşür, o cümlədən şəhər üzrə hər 100 nəfərə 28, kəndlər üzrə isə 13,3 telefon nömrəsi düşür.
Zaqatala rayonu üzrə 3020 genişzolaqlı internet abunəçisi var ki, bu da hər 100 telefon nömrəsinə 15,1 internet portu deməkdir.
Bütün regionlarda olduğu kimi, Zaqatalada da çox böyük əhəmiyyətə malik bir layihə başa çatdırılıb. Bu bütün kənd və qəsəbələrin birləşdirici xətlərinin optik kabellə əvəzlənməsidir. Bu da kənd abunəçilərinin sürətli internet xidmətindən istifadəsi üçün böyük şərait yaradır.
Aşağı Tala , Göyəm, Əliabad kənd EATS-lərinin tutumları genişləndirilərək telefon çəkilişi işləri başa çatmaq üzrədir. Bunun nəticəsidir ki, qovşaq 9 aylıq telefon nömrələrinin çəkiliş planı 01.09.2012-ci il tarixdə təmin edilib.
Payız-qış mövsümü ilə əlaqədar olaraq qovşağın xidməti ərazisində çox böyük işlər aparılıb. Belə ki, qışa hazırlıqla əlaqədar ağacların budanması işlərinə başlanılaraq rabitə dirəkləri və kabelləri texniki normalara uyğunlaşdırılıb. Kabel meydançaları və qutuları rənglənərək kabel meydançalarının döşəmələri yenilənib. Dibi çürük olan ağac dirəklərə beton calaqlar bastırılaraq akkumulyator qrupları yenisi ilə əvəzlənib.
RƏVAN
15/09/12 Çap et