Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetə pulsuz çıxış və kompyuter kursları təmin edilir


Təhsil Nazirliyinin təhsildə İKT-nin tətbiqi sahəsində əsas tərəfdaşlarından biri də “Mədəd Azərbaycan” təşkilatıdır. Hal-hazırda, “Mədəd Azərbaycan” ölkə üzrə ictimai kitabxanalarda yerləşən yerli icmalar üçün internetə pulsuz çıxış və kompyuter kursları təmin edən 10 İcma İnformasiya Resurs Mərkəzini idarə edir.

“ICTnews” elektron xəbər xidmətinə təşkilatdan bildirilib ki, informasiya və kommunikasiya texnologiyaları “Mədəd Azərbaycan”ın layihələrinin əsasını təşkil edir: “Müasir informasiya və kommunikasiya texnologiyaları təhsil sahəsindən başlayaraq iqtisadi inkişaf sahəsinə qədər bütün “Mədəd Azərbaycan” proqramlarının əsas dayağıdır.

“Mədəd” təşkilatı Azərbaycanın təhsil sisteminə innovativ tədris həll yollarını və bir-bir kompyuter anlayışını təqdim edən ilk milli təşkilatdır. Məktəblərin Şəbəkələşdirilməsi Layihəsi çərçivəsində “Mədəd” təşkilatı Azərbaycanın yeni texnoloji kurikulumla bağlı maarifləndirməni artırmaq məqsədilə orta məktəbləri kompyuter avadanlığı və internetə çıxış imkanı ilə təmin edib”. Ümumiyyətlə, “Mədəd Azərbaycan”nın informasiya texnologiyalarının təkmilləşdirilməsi proqramları hədəf icmalarda iş imkanlarını artırıb, məktəb və ictimai kitabxanaları canlı icma inkişafı institutlarına çevirməklə onların fəaliyyətlərini yeniləyib.

Hazırda isə təşkilat 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna dair ölkə üzrə təlim xidmətlərini göstərməyə başlayıb. 2012-ci ilin iyul ayından başlayan təlimlər Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində gerçəkləşdirilir: “Ümumilikdə 10 lotun qalibi olan “Mədəd Azərbaycan” təşkilatı 5 iqtisadi zona üzrə Riyaziyyat, İnformatika, Azərbaycan Tarixi və Həyat Bilgisi fənlərini tədris edən müəllimlər üçün təlimləri icra etməkdədir.

Təşkilatın fənlər üzrə kurikulum təlimlərini tətbiq etdiyi iqtisadi zonalara gəlincə, Gəncə-Qazax iqtisadi rayonu üzrə Azərbaycan Tarixi və İnformatika, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə Riyaziyyat və İnformatika, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə Azərbaycan tarixi, Riyaziyyat və İnformatika, Lənkəran iqtisadi rayonu üzrə İnformatika, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonları üzrə Riyaziyyat və Həyat Bilgisi ilə bağlı təlimlər aparılır. “Mədəd Azərbaycan” təşkilatının qeyd olunan fənlər və iqtisadi zonalar üzrə təlimləri sentyabrda yekunlaşacaq.
 
 
HƏQİQƏT





17/09/12    Çap et