Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektrik və Elektronika Mühəndisləri İnstitutu ilə kompyuter texnikası və informatika sahələrində elmi fəaliyyət inkişaf etdiriləcək
Bu haqda IEEE-nin (The Institute of Electrical and Electronics Engineers – Elektrik və Elektronika Mühəndisləri İnstitutu) regional nümayəndəsi Mehmet Haseki AMEA İnformasiya Texnologiyaları İnstitutunda institutun direktoru, professor Rasim Əliquliyev və digər alim və mütəxəssislərlə görüşü zamanı bildirib. Tədbir IEEE-nin fəaliyyəti, təşkilata üzvlüyün üstünlükləri, Azərbaycan alim və mütəxəssislərinə yaradılacaq imkanların, davamlı əməkdaşlıq əlaqələrinin qurulması məsələlərinin müzakirəsinə həsr edilib.
125 illik tarixi olan IEEE-nin ümumdünya təşkilatı statusuna malik olduğunu bildirən M.Haseki təşkilatın 170 ölkədən 400 min üzvünün olduğunu söyləyib. O, IEEE-nin dünyada peşəkar texniki cəmiyyət olduğunu qeyd edib: “Təşkilatın əsas məqsədi elektrotexnika, elektronika, kompyuter texnikası və informatika sahələrində elmi fəaliyyəti təşkil və inkişaf etdirmək, onların nəticələrindən cəmiyyətin rifahı üçün istifadə etmək, aparılan tədqiqatlara informasiya və texniki dəstək verməkdir”.
Qonaq azərbaycanlı alim və mütəxəssislərin IEEE-nin imkanlarından yararlanması, təşkilatın elmi konfranslarının imkan və üstünlüklərindən, abunəlik məsələlərindən danışıb. Dünyada dərc edilən texniki ədəbiyyatın üçdə birini nəşr edən IEEE-nin rəqəmsal kitabxanaları, elmi cəmiyyətləri, elmi jurnalları, regional qurumları, onlayn kurs və sertifikatları haqqında geniş məlumat verib. O, bildirib ki, IEEE il ərzində 150-dən artıq jurnal dərc edir, 1000-dən artıq konfrans keçirir, 100-dən çox onlayn kurs təşkil edir, 900-ə yaxın standartın hazırlanmasında iştirak edib. Təşkilatın elektron kitabxanasında 3 milyondan artıq elmi əsər var ki, bu da informasiya mənbəyi kimi böyük göstəricidir.
Azərbaycanlı alim və mütəxəssislərə IEEE-nin imkanlarından yararlanması üçün istənilən dəstəyi göstərməyə hazır olduqlarını bildirən M.Haseki gənc alim və doktorantlara IEEE-nin üstünlükləri, geniş imkanları, səmərəli istifadə qaydalarına dair seminar və treninqlərin təşkilini təklif edib.
İTİ-nin bu təşkilatla əlaqələrindən söhbət açan institutun direktoru Rasim Əliquliyev bildirdi ki, elektronika və elektrotexnika sahələrində ən yeni tədqiqatlar haqqında dəyərli informasiyanı yalnız IEEE-nin sayəsində əldə etmək olar. R.Əliquliyev alim və mütəxəssislərimizin IEEE kimi nüfuzlu beynəlxalq təşkilatların imkanlarından yararlanmasının, elmi əsərlərinin jurnallarda dərcinin zəruriliyini bildirib.
Sonda AMEA İTİ ilə IEEE arasında əməkdaşlığın yol xəritəsinin hazırlanmasına dair qərar verilib.
18/09/12 Çap et