Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” Mobil Nömrə Daşınmasına hazırdır
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” bildirir ki, şirkətin şəbəkəsi Mobil Nömrə Daşınmasının (MND) yerinə yetirilməsi üçün tam hazırdır. Xidmətin başlanğıc tarixi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) qərarından asılıdır.
Bütün hazırlıq işləri RİTN-in tövsiyələrinə uğun olaraq həyata keçirilib.
“Biz Mobil Nömrə Daşınmasına hətta bu gün start verə bilərdik, lakin bu xidmət bütün operatorlar tərəfindən eyni vaxtda göstərilməlidir və biz də digər operatorları gözləyirik” - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
“Bakcell”, MND-nin həyata keçirilməsinə dair hazırlıq işlərinə 2012-ci ilin yanvar ayında başlayıb. İlk addım olaraq şəbəkədaxili zənglər zamanı nömrənin əvvəlində 055 prefiksinin yığılmasından ibarət olan onrəqəmli yığım qaydası tətbiq olunub.
“Biz, MND-nin nazirliyin tələblərinə uyğun olaraq yaradılması üçün çoxlu vaxt və vəsait sərf etmişik. Bizim sistemlərimiz bütün daxili qəbul sınaqlarından keçirilib və texniki baxımdan prosesə tam hazırdır. Biz əminik ki, MND Azərbaycanın mobil rabitə bazarında rəqabətliyin artırılmasına təkan verəcək. MND-nin tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Digər bazarların təcrübəsi göstərir ki, müştərilər üçün geniş seçim imkanlarının yaradılması müsbət nəticələr verir.
Zənnimizcə, korporativ və milli biznes seqmentlərində “Bakcell” şirkəti üçün böyük imkanlar mövcuddur. Hazırda “Bakcell”in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərin “Bakcell”in xidmətlərindən yararlanması üçün geniş imkanlar görürük.
Biz inanırıq ki, istehlak bazarında qazandığımız etibar, bizim həmin seqmentlərdə daha fəal iştirakımız üçün möhkəm zəmin yaradıb” - deyə cənab Şirer əlavə edib. Mobil Nömrə Daşınması, telefon nömrəni dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.
RƏVAN
18/09/12 Çap et