Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Dövlət Universitetinin sosial xidmət mərkəzində videotaksofon quraşdırılıb


Yeni tədris ilinin başlanğıcı  Naxçıvan Dövlət Universiteti (NDU) üçün bir sıra təqdimatlarla əlamətdar olub.
NDU-nun mətbuat şöbəsindən verilən məlumata görə, bu ali məktəbin sosial xidmət mərkəzində videotaksofon quraşdırılaraq tələbələrin ixtiyarına verilib.

Təqdimatda iştirak edən rektor akademik İsa Həbibbəyliyə qurğu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu ən müasir videotaksofon vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar həyata keçirmək, internetin imkanlarından istifadə etmək, onlayn rejimdə dünyanın istənilən nöqtəsi ilə videobağlantı yaratmaq, qarşılıqlı görüntülü danışıq imkanı qazanmaq mümkündür.

Həmçinin “Skype”, “Bluetooth” xidmətlərindən yararlanmaq, musiqi dinləmək, intellektual oyunlarda iştirak etmək və digər əməliyyatlar həyata keçirmək də olur. Vurğulanmışdır ki, xidmətlər ödənişlidir və qəpik, manat və ya danışıq kartları vasitəsilə həyata keçirilir.

Naxçıvan Dövlət Universitetinin informasiya-kommunikasiya texnologiyaları  sahəsində Azərbaycanın ali təhsil məkanında ilk imza atdığını iftixar hissi ilə qeyd edən rektor bu hadisəni universitetdə informasiya texnologiyaları  imkanlarının  genişlənməsinə göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirmiş, bunun ali məktəbdə texnoloji baxışların zənginləşməsinə töhfə verəcəyinə əminliyini  ifadə edib.
Sonra tələbələr videotaksofondan istifadə imkanlarını sınaqdan keçiriblər.





18/09/12    Çap et