Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“E-audit”in tətbiqi reallaşır
Vergilər Nazirliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişlərini rəhbər tutaraq vergi nəzarətinin elektronlaşdırılması sahəsində çox ciddi hədəflər müəyyən edib və bu hədəflərə çatmaq üçün məqsədyönlü və sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirir.
Vergilər Nazirliyindən verilən məlumata görə, hazırda nazirliyin mütəxəssisləri daha bir mühüm layihə - vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi imkanlarının araşdırılması üzərində çalışırlar. İlkin olaraq bu sistemin ƏDV bəyannamələri sahəsində tətbiq olunması nəzərdə tutulur.
Sistemin mahiyyəti bundan ibarətdir ki, vergi ödəyicisinin təqdim etməli olduğu bəyannamə mövcud sənədlər əsasında əvvəlcədən vergi orqanı tərəfindən doldurulur və vergi ödəyicisinə göndərilir. O isə elektron formada alınmış bu bəyannaməni yoxlayıb, əgər razılaşarsa, sadəcə, təsdiq edir, razılaşmazsa, müvafiq dəlillərini vergi orqanına təqdim edir.
Beləliklə, vergi ödəyicisinin işi qat-qat yüngülləşdirilir. Verilən məlumatda daha sonra bildirilir ki, nazirliyin qarşısında duran mühüm məsələlərdən biri də yaxın 2-3 il ərzində elektron audit sisteminin tətbiqidir. Artıq Avropa İttifaqının maliyyə dəstəyi ilə Niderlandın Vergi Administrasiyasının mütəxəssisləri ilə birlikdə e-auditin tətbiqi üzrə “Tvinninq” layihəsinin reallaşdırılmasına başlanıb, bu məqsədlə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.
RƏVAN
19/09/12 Çap et