Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav: “Düşünürəm ki, şirkətlərimizin qarşılıqlı əlaqələrini gücləndirməklə iqtisadi münasibətlərimizin inkişafı daha uğurlu olar”
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycan və Sloveniya arasında son illər müxtəlif sahələrdə, o cümlədən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın müsbət tendensiyada inkişaf etdiyini bildirib.
Qarşılıqlı əməkdaşlıq, o cümlədən Sloveniya şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün münbit şərait yaradıldığını, bununla yanaşı, biznes qurumları üçün daha səmərəli şərtlərin vacibliyini diqqətə çatdıran nazir Əli Abbasov Azərbaycanın prioritet layihələrindən də söz açıb. Nazir qeyd edib ki, respublikada növbəti 3 il ərzində genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi, eləcə də ölkədə hər bir kənddə bu xidmətə olan tələbatın tam ödənilməsi nəzərdə tutulur ki, bunun üçün də tələb olunan vəsait (350 milyon avro) artıq müəyyənləşib və layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb.
Respublikada “Elektron hökumət” quruculuğundan da söz açan nazir bu məqsədlə elektron xidmətlərin genişləndirilməsi və onların əhaliyə genişzolaqlı internet xidmətləri üzərindən təklif olunmasını da vurğulayıb: “Hazırda Azərbaycan regional bazarda informasiya xidmətlərinin göstərilməsi üçün yetərli infrastruktura malikdir. Daxili bazarda bu xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, regional xarici bazarlarda da iştirakımızı təmin etmək niyyətindəyik. Hesab edirik ki, bu imkanlarımızdan Orta Asiya, İran, Gürcüstan kimi ölkələr yararlana bilərlər.
Təbii ki, Sloveniyaya bu sahədə xidmətlərimizi təklif etməyə hazırıq. Nəzərdə tutulan növbəti prioritet məsələ kosmik sənaye ilə bağlıdır. Azərbaycan artıq ilk telekommunikasiya peykini orbitə buraxmağa hazırlaşır”. Bunun ardınca növbəti peyklərin də orbitə buraxılmasının təmin ediləcəyini deyən Əli Abbasov Azərbaycan üçün İKT sahəsində növbəti mühüm addımın xarici bazarlara investisiyaların yatırılması üçün yerli şirkətlərin hökumət tərəfindən dəstəklənməsi olduğunu bildirib: “İnvestisiyaların yatırılacağı ölkələrdən biri də Sloveniya ola bilər və ya Azərbaycanla Sloveniya birlikdə üçüncü ölkəyə sərmayə yatıra bilərlər”.
Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav Azərbaycana səfəri çərçivəsində bir neçə görüşdə olduğunu və bu görüşlərdə Sloveniya və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb.
İKT sektorunda, o cümlədən genişzolaqlı internet xidmətlərinin təşkili kimi sahələrdə də qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını deyən Radovan Zerjav hazırda Azərbaycan bazarında bir neçə Sloveniya şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: “Biz Azərbaycan şirkətlərinin Sloveniyada, Sloveniya şirkətlərinin Azərbaycan bazarında iştirakını müzakirə edib, onların fəaliyyətinə dəstək verməliyik. Düşünürəm ki, şirkətlərimizin qarşılıqlı əlaqələrini gücləndirməklə iqtisadi münasibətlərimizin inkişafı daha uğurlu olar”.
Daha sonra Sloveniya Respublikasının Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav “İCTnews” elektron xəbər xidmətinin suallarını cavablandırıb. Müsahibəni növbəti sayımızda oxumaq mümkündür.
20/09/12 Çap et