Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell” ingilis dili kursunu bitirən jurnalistlərə sertifikat verdi
“Azercell Telekom” MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birlikdə keçirdiyi növbəti “Jurnalistlər üçün ingilis dili kursları” sona çatdı. Sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə kursu uğurla bitirən media nümayəndələrinə şirkət tərəfindən sertifikatlar təqdim olundu.
Bundan əlavə, kursda daha yüksək səviyyə nümayiş etdirən 2 jurnalist seçilərək əlavə təhsil almaq üçün Londona göndərilir. Bu dəfə Londona gedəcək iştirakçılar “Media Consuıting and Service” şirkətindən Samir İsmayıl və “QHTxeber.az” portalından Sənan Nəcəfov oldu. KİV nümayəndələri dil biliklərini daha da gücləndirmək üçün gələn ilin aprelində 2 həftə ərzində Böyük Britaniya paytaxtında xüsusi kurslara qatılacaqlar.
“Azercell”in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay davam edib. “Kaspi” Təhsil Mərkəzində baş tutan məşğələlər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilib. Mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılıb.
Tədbirdə “Azercell” təmsilçiləri ingilis dilini öyrənmək istəyən qələm nümayəndələri üçün növbəti kursun vaxtını elan etdilər. Yeni qruplara yığım 18-25 sentyabr tarixlərində həyata keçiriləcək. Kursda ən azı 1 il təcrübəsi olan media nümayəndələri iştirak edə bilər. Yeni kurs haqqında ətraflı məlumat almaq və ərizə formasını yükləmək üçün “Kaspi” təhsil mərkəzinə müraciət etmək lazımdır.
“Azercell” 5 ildən artıqdır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək 200-dən çox KİV təmsilçisi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir.
20/09/12 Çap et