Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sloveniya texnologiyalar və qeyri-neft sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir


Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə ölkəmizdə səfərdə olan Sloveniyanın Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlər Kabinetindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə birgə əməkdaşlığın inkişafının böyük maraq kəsb etdiyi, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılıb. Baş nazir Artur Rasi-zadə bildirib ki, bu səfər ölkələrimiz arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verməklə yanaşı, yeni imkanlar üçün də yol açacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasi-zadə deyib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalıb. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Öz növbəsində Radovan Zerjav Azərbaycan ilə qeyri-neft sektorunda yeni əlaqələrin yaradılması baxımından maraqlı olduqlarını söyləyib. O, həmçinin azərbaycanlı iş adamlarını ölkəsinə sərmayə yatırmağa dəvət edib.Görüşdə hər iki ölkə üçün maraq doğuran məsələlər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

SEYMUR





20/09/12    Çap et