Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “İqtisadi futbol” adlı yeni öyrədici interaktiv oyun istifadəyə verilib


"VISA", FİFA-nın rəsmi sponsoru olaraq Azərbaycanda "İqtisadi futbol" adlı yeni öyrədici interaktiv oyunu istifadəyə verib. Oyun gənclərin maliyyə savadlılığının artırılması istiqamətində "VISA"-nın qlobal təşəbbüsünün tərkib hissəsidir. Layihə Azərbaycan Mərkəzi Bankı və Vergilər Nazirliyi ilə birgə həyata keçirilir.

"İqtisadi futbol" oyunu oyunçuların pulun idarə olunması sahəsində biliklərini müəyyən etməyə imkan verir. Oyun iştirakçıları təqdim olunan bir neçə variant arasından düzgün olanını seçərək sualları cavablandırır və FİFA Dünya çempionatının virtual meydançasında istənilən futbol komandası ilə oynaya bilir. Oyun Rusiya, Ukrayna və Belarus kimi qonşu dövlətlər də daxil olmaqla, 20-dən çox ölkədə həyata keçirilib.

"VISA"-nın MDB və Cənub-Şərqi Avropa üzrə baş direktoru Jean-Mark Tonti Azərbaycanın MDB ölkələri arasında "VISA"-nın ən əsas bazarlardan biri olduğunu bildirib: "Azərbaycan Mərkəzi Bankı və Vergilər Nazirliyinin dəstəyi sayəsində bu gün Azərbaycanda "VISA"-nın ilk maliyyə təhsili layihəsi – "İqtisadi futbol"u təqdim etməyə nail olduq".

 Mərkəzi Bankın İnkişaf Departamentinin direktor müavini Natəvan Məmmədova da layihənin əsas məqsədinin oyun janrında əhaliyə, əsasən də gənc nəslə iqtisadi biliklər, o cümlədən vergilər barədə biliklərin verilməsi olduğunu qeyd edib.





20/09/12    Çap et