Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda yeni Rabitə evi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasının kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, müasir infrastrukturun yaradılması sakinlərin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sakinlərin rahatlığı üçün yaradılan sahələrdən biri də rabitədir.
Kəndlərdə istifadəyə verilən rabitə evləri kənd sakinlərinin informasiya kommunikasiya texnologiyalarından istifadəsi üçün əlverişli şərait yaradır. Bütün tələblərə cavab verən yaraşıqlı iş şəraiti ilə təmin edilən Rabitə evlərindən biri də Şərur rayonundakı Dərəkənd Rabitə evidir.
Yeni istifadəyə verilən Dərəkənd kənd mərkəzində Rabitə evi üçün də iş otaqları ayrılıb. Burada quraşdırılan 176 nömrəlik elektron ATS 102 abonentə xidmət göstərir. Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq.
Dərəkənddə əvvəllər ayrıca poçt bölməsi olmadığından sakinlər Yuxarı Daşarx kəndinin poçt bölməsindən istifadə edirdilər. Artıq kənd sakinləri bu gündən etibarən öz poçt bölmələrinin xidmətlərindən istifadə edə biləcəklər. Yeni açılan poçt bölməsində məktub və banderolların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, teleqramların qəbulu və göndərilməsi, faks xidməti, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, gələcəkdə kənd sakinlərinə bank xidməti də göstəriləcək.
20/09/12 Çap et