Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsraillə İKT sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail dövlətinin yeni təyin olunan ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harperlə görüşüb.

Azərbaycanda fəaliyyəti müddətində səfir kimi prioritet məqsədlərindən söz açan Rafael Harper ölkələrimiz arasında İKT sahəsində intensiv əlaqələrin, o cümlədən əməkdaşlığın daha sıx zəmin üzərində qurulmasında maraqlı olduğunu vurğulayıb. İsrailin telekommunikasiya sahəsində çalışan bəzi şirkətlərinin hazırda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu da ifadə edən səfir cari ilin noyabrında İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə nazir Əli Abbasovun rəsmi dəvət olunduğunu  xatırladıb.

Səfir qeyd edib ki, bu səfər çərçivəsində İKT üzrə infrastruktur layihələri, o cümlədən "Ağıllı şəhər", kibertəhlükəsizlik və s. kimi layihələrlə yaxından tanışlıq, İsrailin İKT sahəsində qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüş, həmçinin naziri bu tədbirdə müşayiət edəcək azərbaycanlı sahibkarlarla qarşılıqlı forumun keçirilməsi də nəzərdə tutulur.

Nazir Əli Abbasov da öz növbəsində Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib və  cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "Bakutel" sərgi-konfransına israilli həmkarının dəvət olunduğunu da xatırladıb.





21/09/12    Çap et