İnformatika dərsləri üçün faydalı proqram təminatının yeni versiyası yaradılıb
İnformatika dərsləri üçün yaradılmış faydalı proqram təminatı - “ALPLogo” proqramı bir qədər də təkmilləşdirilib. Proqramın 4-cü versiyası “informatik.az” saytının “Proqram təminatı” bölməsində yerləşdirilib və istifadəçilər yeni versiyanı buradan yükləyə bilərlər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “
http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib.
Onun sözlərinə görə, “ALPlogo” proqramlaşdırma mühiti 5-ci sinif “İnformatika” dərslik komplektinə əlavə edilib: “Azərbaycanda ilk dəfə olaraq 5-ci siniflər üçün “Bakı” nəşriyyatı tərəfindən “ALPlogo” proqramlaşdırma mühiti yaradılıb və “İnformatika” dərslik komplektinə əlavə edilib. LOGO dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürün və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir.
“ALPLogo” dilinin təqdim olunan versiyası 5-ci sinif səviyyəsi üçündür və proqramın növbəti versiyalarında daha geniş imkanlar nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompyuterinizə endirib, C diskinə köçürmək lazımdır, yəni quraşdırmağa ehtiyac yoxdur. “ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda Bağa üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir”. Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun Yardım bölməsindən Komandalar sistemi bəndini seçmək lazımdır. Proqramı isə “Proqram təminatı” bölməsindən yükləmək olar.
HƏQİQƏT