Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda Beynəlxalq Telekommunikasiya Birliyinin regional seminarı keçirilir


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və   Azərbaycan Texniki Universiteti, Beynəlxalq Telekommunikasiya Birliyinin MDB bölgə şöbələrinin birgə təşkilatçılığı ilə “Rabitə şəbəkələrinin müasir inkişaf istiqamətləri: Nəzəriyyə və təcrübə” mövzusunda Beynəlxalq Telekommunikasiya Birliyinin regional seminarının açılışı cari ilin 20 sentyabr  tarixində keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə,  ilk öncə seminar iştirakçıları Heydər Əliyevin Azərbaycan Texniki Universitetində ucaldılmış büstü önünə çiçək dəstələri qoyaraq, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Seminarı ilk çıxışı ilə açan AzTU-nun Elmi işlər üzrə prorektoru, professor Elşad İsmibəyli qonaqları salamlayaraq seminar iştirakçılarına təqdim edib.

 Daha sonra Beynəlxalq Elektrorabitə İttifaqından MDB ölkələri üzrə zona şöbəsinin rəhbəri Orozobek Kayıkov çıxış edərək, AzTU-nun da üzvü olduğu bu beynəlxalq  qurum və onun şöbələrinin işi haqqında ətraflı məlumat verib. Seminarda iştirak edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini, texnika üzrə fəlsəfə doktoru İltimas Məmmədov çıxış edib. O,  Azərbaycanda rabitə şəbəkələrinin inkişafının əsas istiqamətləri  və yeni texnologiyaların tətbiqi  məsələləri haqqında məlumat verib.

AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin “Seysmoqokustik informasiyanın ötürülməsi və sinxron analizin aparılması”na dair məruzəsi  ilə çıxışı seminar iştirakçıları tərəfindən maraqla dinlənilib. Seminarda Moskva, Sankt-Peterburq, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Tacikistan və bir sıra başqa ölkələrin nümayəndələri  iştirak edib.

Seminar öz işini sentyabrın 22-dək davam etdirəcək və bu müddət ərzində Sankt-Peterburq, Moskva, Qazaxıstan və bir sıra başqa ölkələrdən olan mütəxəssislərin, eyni zamanda Azərbaycanın müxtəlif rabitə operatorlarının mütəxəssisləri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  müəssisələrinin aparıcı mütəxəssislərinin çıxışları nəzərdə tutulub.


CAHANGİR





21/09/12    Çap et