Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron xidmətlər göstərilməsi üzrə mütəmadi qiymətləndirmə həyata keçiriləcək və ictimaiyyətə açıqlanacaq


Bu işi RİTN-lə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirəcək
 
Son zamanlar ölkədə elektronlaşdırılmanın sürətləndirilməsinə istiqamətlənən xeyli sərəncamlar verilib. Onlardan biri kimi, respublika prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda da elektron xidmətlər, Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplər olaraq önə çəkilir. Qeyd edək ki, şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub.

Ümumiyyətlə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi üçün, əsasən, bir sıra tədbirlər görülüb. İnformasiya azadlığının təmin edilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanun qəbul edilib. Qanunun icrasına nəzarət İnsan Hüquqları üzrə Müvəkkilə (ombudsmana) həvalə edilib. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görülüb. Dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər müəyyən edilib.

"Bir pəncərə" prinsipi elektron xidmətlərin tətbiqini sürətləndirir
 
Ötən müddətdə elektron xidmətlərin təşkili sahəsində də işlər aparılıb. Belə ki, 2010-cu ildə ölkədə ikinci "Elektron Azərbaycan" dövlət proqramı qəbul edilib. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil ediblər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə "http://www.e-gov.az/" vahid elektron hökumət portalı yaradılıb. "Bir pəncərə" prinsipinin tətbiqi sahəsində görülən digər işlərə gəlincə, 2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı "bir pəncərə" prinsipinə uyğun həyata keçirilir.

Bunun nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat (biznesə başlama) prosedurlarının sayı 13-dən 3-dək, müddəti isə 53 gündən 3 günədək, təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldılıb. Biznesə başlama sahəsində islahatlara görə Azərbaycan Dünya Bankının "Doing Business-2009" hesabatında ən islahatçı dövlət kimi göstərilib. 2011-ci il iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılıb. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində "bir pəncərə" prinsipi tətbiq edilir.
 
 
"ASAN" elektron xidmətlərin keyfiyyətli və rahat həyata keçirilməsini asanlaşdıracaq
 
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) təsis edilib. Bu qurumun nəzdində də "ASAN" xidmət mərkəzləri fəaliyyət göstərəcək. Bununla yanaşı, prezidentin müvafiq sərəncamından sonra şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində bir sıra tədbirlərin görülməsi də təmin ediləcək. Belə ki, informasiya əldə edilməsi asanlaşdırılacaq. Görüləcək işlər və nəticə indikatorlarına gəlincə, dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur. Bu işin icrası mərkəzi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilib.
 
Dövlət orqanları öz fəaliyyətləri ilə bağlı internetdə mütəmadi məlumatlar yerləşdirməlidirlər
 
Müvafiq qurumlar 2014-cü ilə qədər işlərini məhz bu istiqamətdə davam etdirməlidirlər. İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi də həyata keçiriləcək ki, bu işə məsul olan mərkəzi və yerli icra hakimiyyəti orqanları bu sahədə fəaliyyətlərini 2014-cü ilə qədər davam etdirəcəklər. 2013-2014-cü illərdə isə "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Ombudsman Aparatının strukturu təkmilləşdiriləcək, aidiyyəti əməkdaşlar ixtisaslaşmış treninqlərə cəlb ediləcək. Bundan başqa, dövlət orqanları öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməlidirlər. Dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması da nəzərdə tutulur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları  bu işin icrasını 2012-2015-ci illər üzrə aparacaqlar.
 
Dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portalları yaradılacaq
 
Dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılması də nəzərdə tutulur. Bununla mərkəzi icra hakimiyyəti orqanları 2012-2014-cü illərdə məşğul olacaqlar. Dövlət orqanlarının internet səhifələrinin müasir standartlara uyğun olaraq vahid nümunəvi forması və minimum şərtləri də müəyyən ediləcək. Növbəti il ərzində bununla Nazirlər Kabineti, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya məşğul olacaq.
 
HADR-ın elektron variantı mütəmadi yenilənməli, elektron baza daim işlək vəziyyətdə saxlanılmalıdır
 
Müvafiq sərəncam normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsini də nəzərdə tutur. Belə ki, Ədliyyə Nazirliyi rəsmi hüquqi istinad mənbəyi olan Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin (HADR) elektron variantının mütəmadi yenilənməsi və elektron bazanın daim işlək vəziyyətdə saxlanılmasını təmin etməlidir.

Əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuralar və ya əməkdaşlıq şəbəkələri də yaradılmalıdır. Həmçinin ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.) nəzərdə tutulur.
 
Dövlət orqanları e-xidmətlərlə bağlı ildə bir dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməlidir
 
"Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda növbəti istiqamət elektron xidmətlərin təkmilləşdirilməsidir. Bunun üçün elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Bu iş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən mütəmadi həyata keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanlarının 2013-2015-ci illər ərzində həyata keçirəcəyi işlərdən biri də dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdikləri elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməsidir. Bundan başqa, dövlət orqanları arasında elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistemin yaradılması də nəzərdə tutulur. 2013-2014-cü illəri əhatə edəcək bu iş Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
 
İnzibati ödənişlərin elektron qaydada ödənilməsi təkmilləşdiriləcək
 
"Milli Fəaliyyət Planı" rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsini də vacib istiqamət kimi önə çəkir. 2013-2014-cü illərdə həyata keçiriləcək bu işin icraçısı mərkəzi icra hakimiyyəti orqanları, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Tədbirlər sırasında regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması da yer alıb. Bu tədbirlərin həyata keçirilməsi ilə VXSİDA və RİTN məşğul olacaqlar.
 
Maliyyə nəzarətində elektron nəzarət sistemi yaradılacaq
 
Fəaliyyət Planı maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılmasını da nəzərdə tutur. Bu məqsədlə maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət ("e-nəzarət") sistemi yaradılacaq.

Bundan başqa, nəzarət orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili də nəzərdə tutulur. Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması istiqamətində aparılacaq işlərə gəlincə, vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlər görüləcək. Vergilər Nazirliyinə vergilərin və digər icbari ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi də həvalə edilib.

Bundan başqa, "Açıq hökumət"in təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmə və əməkdaşlığın həyata keçirilməsi də planda yer alıb. Fəaliyyət Planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyəti Korrupsiyaya qarşı mübarizə üzrə komissiya tərəfindən hər il üçün dəyərləndirilərək, ictimaiyyətə açıqlanacaq.
 
Həqiqət İSABALAYEVA





22/09/12    Çap et