ƏƏSMN rəsmisi: “E-xidmətlər vətəndaşların və məşğulluq xidməti işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verir”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) bu gün ölkədə həyata keçirilən sosialyönümlü bir çox dövlət proqramlarının əsas tərəfdaşlarından biri kimi çıxış edir. RİTN-in belə fəaliyyətinin nəzərdə tutulduğu sənədlərdən biri də “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”dır.
Belə ki, proqramda əhalinin məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması üçün müvafiq tədbirlərin görülməsi RİTN, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinə həvalə edilib. İş yerində təhsilin davam etdirilməsi, fasiləsiz təhsilin və distant təhsilalma formasının tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi isə RİTN-lə yanaşı, Təhsil, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin üzərinə düşür.
Proqramda RİTN-in fəaliyyətini nəzərdə tutan növbəti istiqamət peşə hazırlığı və əlavə təhsil sahəsində qabaqcıl və mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsidir. 2015-ci ilə qədər davam etdiriləcək bu istiqamət üzrə də onun tərəfdaşları Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləridir. Sözügedən sahədə görülən işlərlə bağlı “Rabitə dünyası”nın suallarını proqramın icrasına məsul qurum olan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin (DMX) rəis müavini Şahbaz Xələfov cavablandırıb:
Dövlət Məşğulluq Xidmətində 6 elektron xidmət yaradılıb
Əhalinin məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması üçün tərəfimizdən geniş işlər aparılıb. Dövlət Məşğulluq Xidməti tərəfindən əsasən 6 elektron xidmət yaradılıb və 2012-ci ildən artıq bu xidmətlər fəaliyyətə başlayıb. Həmin xidmət növləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Elektron xidmətlərə uyğun olaraq, vətəndaşlar məşğulluq xidmətləri ilə bağlı istənilən mövzuda konkret məsul şəxsə və yaxud xidmətin müvafiq strukturuna, bölmələrinə elektron müraciət edə bilərlər. Bu xidmət vətəndaşlara məşğulluq xidmətlərinə gəlmədən lazım olan şəxslərlə əlaqə qurmasına imkan yaradır.
Bu da həm vətəndaşların, həm də məşğulluq xidməti işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verir. İkinci elektron xidmət növü işaxtaranların vakansiya ilə bağlı məlumatlandırılmasıdır. Bizim “
http://www.ses.gov.az/” saytımızda hər ay Dövlət Məşğulluq Xidməti sisteminə müəssisələr tərəfindən daxil olmuş vakansiyalar haqqında məlumatlar yerləşdirilir və vətəndaş məşğulluq xidmətlərinə müraciət etmədən sayta daxil olur, öz ixtisasına, marağına uyğun vakansiyalar haqda məlumat əldə edib iş axtarır.
Hər bir müəssisə bu məlumatları Dövlət Məşğulluq Xidmətinə vaxtlı-vaxtında təqdim etməyə borcludur
Digər e-xidmət vətəndaşların məşğulluğa dair informasiyalarla məlumatlandırılmasıdır. Bu xidmət vasitəsilə vətəndaşlar istənilən sorğuya cavab, o cümlədən aktiv və passiv məşğulluq tədbirləri ilə bağlı məlumatlar əldə edə bilərlər. Bu elektron formaya əlavə forma da hazırlanıb, elektron xidmətə daxil edilib. Həmin əlavədə vətəndaş özü haqqında məlumatları - ad, soyad, ünvan, ixtisası, maraqlandığı vakansiyalar və s. haqda geniş informasiyalar yerləşdirir. Məşğulluq orqanı da həmin şəxsə müvafiq işin seçilməsində köməklik göstərir. Bizim dördüncü elektron xidmətimiz əsasən müəssisələri əhatə edir. Mülkiyyət formasından asılı olmayaraq, hər bir müəssisə Dövlət Məşğulluq Xidmətinə hər ay, rüblük, yarımillik və illik hesabatlar təqdim edir. Bu hesabat forması 5 formadan ibarətdir və bunlar Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalardır.
Onlar elektron xidmətlər üzrə məşğulluğa dair vakansiyalar haqqında 1 nömrəli formanı təqdim etməlidirlər. Müəssisələr bu sənədi məşğulluq orqanlarına ya poçtla göndərir, ya da əllə gətirirdilər. İkinci forma işə qəbul - işdən çıxma haqqında məlumat, üçüncü forma iş yerlərinin işçilərin orta illik siyahısı haqqında məlumatdır. Dörd nömrəli forma illik işçilərin sayı və ştatlarda ixtisar edildikdə işdən çıxarılan işçilər haqqında məlumatdır.
Sonuncu forma işçilərin hərəkəti haqqında yarımillik, illik məlumatlardır ki, hər bir müəssisə bu məlumatları Dövlət Məşğulluq Xidmətinə vaxtlı-vaxtında təqdim etməyə borcludur. Elektron xidmətlərə keçidlə isə müəssisələrə 5 formanın hamısını elektron qaydada göndərmək üçün əlverişli şərait yaradılıb. Elektron qaydada qəbul edilən bu məlumatlar qısa zamanda vətəndaşların və məşğulluq xidməti orqanları işçilərinin istifadəsinə təqdim olunur. Elektron xidmətlər şərait yaradır ki, müəssisələr heç bir çətinlik çəkmədən həmin formaları Dövlət Məşğulluq Xidmətinə təqdim etsinlər.
“Vətəndaşın işi xeyli sadələşdirilib”
Başqa xidmətimiz peşə yönümü işinin təşkili və bununla bağlı məlumatların alınmasıdır. Saytımızda bununla bağlı ayrı bölüm yaradılıb ki, vətəndaşlar peşə yönümü ilə əlaqədar birbaşa buradan məlumat ala bilərlər. Sonuncu elektron xidmətimiz işsizlik müavinətləri ilə bağlıdır. İşsizlik müavinətinin təyini, verilməsi və s. ən vacib məsələlərdən biridir. Bununla bağlı geniş, ətraflı məlumatlar da verilib. Vətəndaş məşğulluq xidmətlərinə gəlmədən əvvəlcə bütün incəlikləri buradan öyrənir.
Təbii ki, işsizlik müavinəti almaq istəyən vətəndaş Dövlət Məşğulluq Xidmətinə rəsmən müraciət etməli, qeydiyyata düşməli, iş axtarmalıdır. Amma bununla yanaşı, o vətəndaşın işi xeyli sadələşdirilib. Artıq o, məşğulluq xidmətlərinə gəlmədən ona müavinət düşüb-düşmədiyini bilir. Düşərsə, bu zaman hansı sənədləri təqdim etməlidir. Hal-hazırda Dövlət Proqramının 1.17-ci bəndinə uyğun olaraq, 6 elektron xidmət fəaliyyətdədir. Proqramda növbəti istiqamət - “İş yerində təhsilin davam etdirilməsi, fasiləsiz təhsilin və distant təhsilalma formasının tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi” üzrə tərəfimizdən işlər aparılır.
Bu tədbirlər 2015-ci ilə qədər nəzərdə tutulub. Yaxın gələcəkdə biz distant təhsil sistemini də həyata keçirəcəyik. “Peşə hazırlığı və əlavə təhsil sahəsində qabaqcıl və mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi” istiqaməti üzrə də işlər gedir. Təbii ki, Dövlət Məşğulluq Xidməti sistemində uzun müddətdir, peşə hazırlığı, yenidən hazırlıq sistemi fəaliyyət göstərir.
Son illər respublikanın 3 şəhərində - Bakı, Göyçay və Naxçıvanda Regional Peşə Tədrisi Mərkəzi yaradılıb və həmin mərkəzlər vətəndaşların yeni peşə kurslarına gəlməsinə, yeni peşələrə yiyələnməsinə çox rahat dəstək olur. Bunlar qısamüddətli, modul tədris proqramlı peşələrdir. Hazırda bu il Dünya Bankının layihəsi ilə Gəncə şəhərində də növbəti Regional Peşə Tədrisi Mərkəzinin yaradılması ilə məşğuluq. Yəqin ki, təxminən 1-2 aya bu mərkəz də təhvil veriləcək. Eyni zamanda 2015-ci ilə qədər respublikanın 9 iqtisadi bölgəsinin hər birində belə mərkəzlər yaradılacaq ki, işsiz vətəndaşları qısa müddətdə peşə kurslarına cəlb edək.
Bununla da həmin mərkəzlər işsiz vətəndaşların məşğulluğunun təmin olunmasına dəstək olardı. Bundan başqa, həmin kursların daha yüksək səviyyədə təşkili məqsədilə Dünya Bankının dəstəyi ilə 2012-ci ildə geniş iş aparılıb. 30-a qədər yeni peşə modul sistemində işlənilib, Azərbaycan dilinə tərcümə edilib. Yəqin ki, onu da ilin sonuna qədər işsizlərin ixtiyarına verəcəyik. Modul tədris sistemi vətəndaşlarımıza təcrübəni, müvafiq peşəni öyrənməyə daha çox imkan yaradır və bu sahədə də geniş iş aparılır. Bu işlər də 2015-ci ilə qədər davam etdiriləcək.
Səyyar birjalarda istifadə edilən nəqliyyat vasitələri elektron sistemlə tam təchiz edilib
Səyyar əmək birjalarına əhalinin marağı necədir?
- Əmək birjaları respublikanın böyük şəhərlərinin, demək olar ki, hamısında - Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə fəaliyyət göstərir. İşaxtaran vətəndaşların müraciətləri var və biz onları kartoteka sistemində yaratmışıq. Ancaq bizim aktiv fəaliyyətimizə baxmayaraq, təəssüf ki, işəgötürənlər birjalara zəif müraciət edirlər. Biz bununla bağlı “Dəyirmi masa”lar keçirir, maarifləndirmə işləri aparırıq. Həmçinin geniş fəaliyyətə başlamışıq. 2012-ci ildən səyyar əmək birjaları yaradılıb ki, bu da əhalinin sıx olduğu yerlərdə həyata keçirilir. Bunun üçün iki böyük avtobus almışıq. Bu sahədə də işimizi təkmilləşdirməyə çalışırıq ki, bunu inkişaf etmiş ölkələrdəki proseslərə çatdıra bilək.
- Səyyar birjalarda istifadə edilən nəqliyyat vasitələri kompyuter texnologiyaları ilə təchiz olunmuş avtobuslardır?
- Bəli, elektron sistemlə tam təchiz edilib. Onların içərisində televizor, kompyuterlər, kompyuterlərdə isə bütün vakansiyalarımız yerləşdirilib. Çalışırıq ki, işəgötürənlər və işaxtaranlar həmin birjaları tanısınlar. Təəssüf ki, respublikamızda birja xidmətləri geniş yayılmayıb. Bu, əsasən, bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən xidmət növüdür. Bununla bağlı təbliğatı davam etdiririk ki, vətəndaşlar onlar üçün bu birjaların daha sərfəli olduğunu bilsinlər.
Həqiqət İSABALAYEVA