Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblilər arasında “XXIV Beynəlxalq İnformatika Olimpiadası”na start verilib


Sentyabrın 23-dən etibarən məktəblilər arasında “XXIV Beynəlxalq İnformatika Olimpiadası”na start verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib.

Onun sözlərinə görə, olimpiadada iştirak etmək üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, professor Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadə, Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqovun rəhbərliyi ilə hazırda milli komandamız İtaliyadadır: “Olimpiadanın nəticələrini canlı olaraq “ioi2012.org Results” bölməsindən izləmək mümkündür”.

Qeyd edək ki, ilk dəfə 1989-cu ildə keçirilmiş “Beynəlxalq İnformatika Olimpiadası” dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Azərbaycan 1993-cü ildən “Beynəlxalq İnformatika Olimpiadası”nda iştirak etmək üçün dəvət alsa da, 1994-cü ildən başlayaraq, hər il bu olimpiadaya qatılır. 1996, 1997, 2004-cü illərdə Azərbaycan məktəbliləri bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar.

Ötən il Taylandın Pattaya şəhərində dünyanın 77 ölkəsindən 304 məktəblinin iştirak etdiyi XXIII “Beynəlxalq İnformatika Olimpiadası”nda Azərbaycan komandasının üzvü Azad Salahlı bürünc medala layiq görülüb.  Beynəlxalq İnformatika Olimpiadasının qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Ötən il Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb.

Olimpiadaya hazırlıq dərsləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və “İnfomas” İctimai Birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə “Kombinatorika”, “Ehtimal nəzəriyyəsi”, “Qraflar nəzəriyyəsi” və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib.

Məlumat üçün onu da bildiririk ki, ölkəmizin Beynəlxalq İnformatika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib.

HƏQİQƏT





24/09/12    Çap et