Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Veb texnologiyalarının keyfiyyətcə təkmilləşdirilməsi imkanları tükənib


Artıq bir neçə illik intensiv inkişafdan sonra veb texnologiyalarının keyfiyyətcə təkmilləşdirilməsi imkanları tükənib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə akademik Əli Abbasovun da həmmüəllifi olduğu “İnformatika və kompyuterləşmənin əsasları” dərsliyinin yenidən işlənmiş nəşrində bildirilir. Kitabda qeyd edilir ki, veb texnologiyaları əlavələrinin təkamülünə əsas əngəl HTML dilinin zəif cəhətləri və funksional məhdudiyyətləri olub.

Belə ki, HTML dili qapalı dil olduğundan, lazım gəldikdə dilin funksional imkanlarını genişləndirmək üçün istifadəçiyə yeni teqlər daxil etməyə imkan vermir. Bundan əlavə, mövcud veb texnologiyası informasiya resurslarını (URL-in köməyi ilə) yalnız yerləşdiyi yer üzrə identifikasiya edir (ünvanlaşdırır), halbuki daha mücərrəd identifikasiya vasitələrinə ehtiyac var. Çünki mövcud identifikasiya metodunda, resurs yerini dəyişən kimi, veb-serverdəki iqtibaslar pozularaq, “asılı” vəziyyətə düşür. HTML səhifəsində təqdim edilən sənədlərin quruluşu, semantikası və digər xassələrinin təsvirini vermək üçün metaverilənə yer yoxdur.

Buna görə də HTML səhifəsinin quruluşu və məzmununun düzgünlüyünə nəzarət etmək mümkün olmur. Bu problemlər HTML dilinin veb səhifəsinin məzmunca nişanlanmasına deyil, yalnız kompyuter ekranında təqdimat formatına yönəlik olması ilə bağlıdır. HTM-səhifəsində metaverilənin olmaması daha məqsədyönlü axtarışa imkan vermir.

HƏQİQƏT





24/09/12    Çap et